"2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasında təkcə estetik və texniki yenilənməni deyil, eyni zamanda siyasi, institusional və idarəetmə baxımından daha dərin prioritetlərin önə çəkildiyini göstərir. Bu qərar urbanizasiya proseslərinin artıq yalnız infrastruktur layihəsi kimi deyil, sosial rifah, iqtisadi dayanıqlıq və ictimai legitimlik yaradan strateji alət kimi dəyərləndirildiyini ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, siyasi müstəvidə bu təşəbbüs dövlətin inkişaf modelində mərkəzləşmiş qərarvermədən daha balanslı və çoxsəviyyəli idarəetməyə keçid niyyətini əks etdirir: "Şəhərsalma və memarlıq sahəsi vətəndaşların gündəlik həyatına birbaşa təsir edən sahə olduğu üçün burada atılan addımlar hökumətin sosial məsuliyyətini, şəffaflıq iddiasını və ictimai etimadı gücləndirməyə yönəlmiş siyasi mesaj daşıyır. Eyni zamanda bu, regional inkişaf fərqlərinin azaldılması və paytaxt–region balansının qurulması kimi strateji hədəflərin prioritetləşdirildiyini göstərir. İnstitusional baxımdan “Şəhərsalma və Memarlıq İli” dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsini, normativ-hüquqi bazanın yenilənməsini və peşəkar planlaşdırma institutlarının rolunun artırılmasını zəruri edir. Bu sahədə real nəticə yalnız layihə çoxluğu ilə deyil, institusional səmərəliliklə ölçülür. Yəni şəhər planlamasında uzunmüddətli konsepsiyaların hazırlanması, icra və nəzarət mexanizmlərinin aydın bölüşdürülməsi və məsuliyyət daşıyan qurumların hesabatlılığı əsas prioritetə çevrilməlidir. İdarəetmə səviyyəsində isə əsas məsələ iştirakçılıqdır. Müasir urban siyasət yalnız yuxarıdan aşağı qərarlarla effektiv olmur. Hökumət–bələdiyyə–cəmiyyət əməkdaşlığı real nəticə verməsi üçün bir neçə mexanizm üzərindən qurulmalıdır. İlk növbədə, bələdiyyələrin planlaşdırma və qərarvermə səlahiyyətləri real məzmunla gücləndirilməli, onlar mərkəzi icra hakimiyyətinin passiv icraçısı deyil, yerli inkişafın aktiv subyekti kimi çıxış etməlidirlər. Şəhərsalma layihələrinin müzakirəsi, ictimai dinləmələr, açıq rəylərin toplanması və peşəkar–vətəndaş dialoqunun təşkili bu sahədə sosial legitimliyi artırır və qərarların qəbulunu daha dayanıqlı edir. Cəmiyyətin prosesə cəlb olunması həm də şəhər mühitinə sahiblik hissini gücləndirir.
Planlar, layihələr və büdcə xərcləri açıq şəkildə təqdim edilmədikcə “Şəhərsalma və Memarlıq İli” simvolik kampaniya səviyyəsindən yuxarı qalxa bilməz. Rəqəmsal platformalar vasitəsilə açıq məlumat mühiti yaratmaq bu təşəbbüsün real təsir gücünü artıran əsas alətlərdən biri ola bilər. Nəticə etibarilə, bu il dövlətin şəhər məkanını idarəetmədə yeni sosial müqavilə formalaşdırmaq cəhdi kimi dəyərləndirilə bilər. Əgər bu təşəbbüs siyasi iradə, güclü institutlar və fəal cəmiyyət arasında real əməkdaşlıqla dəstəklənərsə, o zaman uzunmüddətli inkişaf strategiyasının praktik dayağına çevrilə bilər".