Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycan 44 gün ərzində Ermənistan dövlətini və onun tör-töküntü separatçılarını məğlub etdi. Bununla yanaşı, Azərbaycana qarşı müharibənin ideloji bazası olan “miatsum” hərəkatını süquta uğratdı. Növbə diasporda idi. Xüsusilə ABŞ-da fəallıq göstərən erməni diasporu bu günlərdə acı məğlubiyyətdən öz nəsibini aldı. 907-ci düzəlişin tamamilə ləğvini nəzərdə tuturam. Bu, 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azərbaycana birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi. Bu aktın qəbulu həmin vaxt erməni lobbisinin təşəbbüsü ilə baş tutmuşdu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib.
“Yeni yaranmış bir ölkə təsəvvür edin: bir tərəfdən formalaşmaq üçün ilk addımlarını atır, digər tərəfdən isə güclü xarici dəstək alan Ermənistanın hücumlarının qarşısını almağa çalışır. İşğala məruz qalır, bir milyondan artıq qaçqının problemlərini həll etməyə çalışır, amma bütün bunlarla mübarizə aparacaq maliyyə resursları yoxdur. Dünyanın bir hissəsi bu ədalətsizliyə göz yumur, bir hissəsi isə işğalçını cəzalandırmaq əvəzinə, işğala məruz qalan Azərbaycanı hədəfə alır. Ən çox maliyyə və hərbi yardıma ehtiyacımız olduğu bir vaxtda ABŞ Konqresinin 907-ci düzəlişi qəbul etməsi ilə vəziyyət daha da pisləşir. Çünki həmin dövrdə istənilən yardıma ehtiyacımız var idi.
İndi sual yaranır ki, 907-ci düzəlişin tam ləğvi bizə nə verəcək? Əslində, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Həmin vaxt olduğu kimi yardımlara da ehtiyacımız yoxdur. Əksinə, Azərbaycan özü donor ölkə kimi müxtəlif dövlətlərə yardımlar edir. İndi dayanıqlı iqtisadiyyatımız, istənilən problemlə başa çıxmağa yetəcək qədər maliyyə resurslarımız, ən müasir silahları alacaq qədər də qüdrətimiz var. Amma bu düzəlişin ləğvi bizim üçün tarixi ədalətin bərpasıdır. Çünki bu cür qadağalar işğalçı və təcavüzkar dövlətlərə şamil edilir. Azərbaycan isə öz ərazi bütövlüyü uğrunda mübarizə aparıb və 30 ildən sonra buna nail olub”, - deyə siyası şərhçi qeyd edib.
O əlavə edib ki, 907-ci düzəlişin ləğvi ilə bağlı razılaşma Vaşiqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuşdu. Həmin görüşdə iki ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına gəlmişdi. 907-ci düzəliş isə bu niyətin qarşısında duran əsas maneə idi. O maneə aradan götürüldü, ədalət bərpa edildi. Bununla, həm də Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmağı qarşısında məqsəd qoyan erməni diasporu tarixinin ən böyük məğlubiyyətini aldı.