“Biz öz ərazilərimizi tərk edə bilmərik. Bu bizim qanunumuza ziddir. Bu, təkcə qanun məsələsi deyil, orada insanlar yaşayır, ordumuz oradadır. Bu ərazilərdə təxminən 300 min insan yaşayır və onların çoxu döyüşlərdən əziyyət çəkir. Yüzlərlə insan yaralanıb, onlarla insan həlak olub, ona görə də ərazi məsələsinə formal və ya sırf siyasi baxıla bilməz”,- Zelenski vurğulayıb.
O, həmçinin 20 bəndlik sülh planının təxminən 90%-də razılaşdırıldığını təsdiqləyərək, yalnız iki məqamın həll edilməmiş qaldığını vəbunlardan daha əsasının ərazi məsələsi olduğunu söyləyib. Lakin bu problem ABŞ ilə yox, Rusiya ilə bağlıdır.
Ukrayna prezidentinin sözlərinə görə, ABŞ tərəflərin mövqelərini anlayır və kompromis həll yolları tapmağa çalışır. Ukrayna isə, son bir ayda sülh prosesinin irəliləməsi üçün addımlar atır.
Ərazilər üzrə referendumun keçirilməsi ehtimalını şərh edən Zelenski belə bir addımın müsbət nəticə verməyəcəyini və Ukrayna cəmiyyəti tərəfindən dəstəklənməyəcəyini bildirib:“Hamı sülh istəyir, amma nəyin bahasına olursa olsun. Ərazilərin verilməsi ilə bağlı referendum Ukrayna üçün müsbət nəticə verməyəcək”.
Ukrayna prezidenti Donbassda qoşunların qarşılıqlı şəkildə çıxarılması ilə azad iqtisadi zonanın yaradılması məsələsini referenduma çıxarmağa razılaşdığını da diqqətə çatdırıb.
“Düşünürəm ki, kompromis bizim malik olduğumuz azad iqtisadi zonanı yaratmağımızdan və bir neçə kilometr geri çəkilməkdən ibarətdir. Bu o deməkdir ki, Rusiya da bir neçə kilometr geriyə kiçik addımlar atmalı olacaq. Bu azad iqtisadi zonanın konkret qaydaları olacaq. Bir növ referendum kimi – ya qəbul və ya rədd etmək üsuludur”, - Ukrayna lideri deyib.
![]() |
| Tramp: “Bir və ya iki çox çətin məsələ qalıb”| VİDEO |
Onun iddiasına görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülhlə bağlı bəyanatı isə real niyyət yox, sadəcə, ABŞ prezidenti Donald Tramp üçün məlumatdır.
- Rusiya qoşunlarında ölənlərin sayının artmasına baxmayaraq, Putin sülh istəmir. Mən bunu açıq şəkildə eşitmirəm. O, sülhdən danışmır. Əksinə, daha da irəli gedə biləcəyini deyir. Bunlar sülh siqnalları deyil”, - Zelenski bildirib.
Ukrayna prezidenti əmindir ki, bunun üçün həm dialoq, həm diplomatik həll cəhdlərinin davamı, həm də ABŞ-nin təzyiqi, yəni sanksiyaları lazımdır.
“Mən Putinə inanmıram. O, Ukrayna üçün uğur istəmir, sadəcə, Rusiyaya qarşı sanksiyaların artırılmasını istəmir. Putin Ukrayna üçün “ucuz elektrik enerjisindən” danışa bilər, amma bizim buna ehtiyacımız yoxdur. Biz çox yüksək qiymət ödəmişik – insanların həyatı ilə. Onlardan heç nəyə ehtiyacımız yoxdur. Bu, sadəcə, Tramp üçün bir mesajdır, ünsiyyət üsuludur, lakin bu, əslində doğru deyil”,- Ukrayna prezidenti qeyd edib.
Xatırladaq ki, dekabrın 28-də Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində Volodimir Zelenski ilə görüşüb. Üç saat davam edən danışıqlarda onlar sülh planının təfərrüatlarını müzakirə edərək 90 faiz razılığa gəliblər.
Ərazi məsələsi, konkret olaraq Rusiyanın Ukraynadan ərazi güzəştləri tələbi həllini tapmayıb. Həmçinin Rusiyanın 2022-ci ildən zəbt etdiyi Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarət məsələsi də həll olunmayıb.
Sahil İsgəndərov
AzVision.az
