Qadın 34 il qanunsuz işlədikdən sonra həbs edilib
Ajans.az xəbər verir ki,bu barədə Mothership nəşri məlumat yayıb. Bildirilib ki, dekabrın 23-də Sinqapur məhkəməsi ölkədə qanunsuz işləməkdə təqsirləndirilən iki Filippin vətəndaşı ilə bağlı hökm çıxarıb. Onlardan biri 72 yaşlı Flordeliza Kordeta olub. Məhkəmə araşdırması zamanı məlum olub ki, qadın 1989-cu ildə Sinqapura ev işçisi kimi gəlib. Lakin 1991-ci ildə işəgötürən tərəfindən tələb olunan ödənişlər edilmədiyi üçün onun iş icazəsi ləğv olunub. Buna baxmayaraq, Kordeta ölkəni tərk etməyib və daha 34 il 5 ay ərzində Sinqapurda qanunsuz işləməyə davam edib. O, sonradan vizasını bir müddət yeniləsə də, 16 il əvvəl bu prosesi dayandırıb. İkinci təqsirləndirilən şəxsin də vizasının müddətini 16 il keçdiyi müəyyən edilib. Məhkəmənin qərarına əsasən, Flordeliza Kordeta altı ay həbs cəzasına və 3 min Sinqapur dolları (təxminən 180 min rubldan çox) məbləğində cəriməyə məhkum olunub. Digər təqsirləndirilən şəxsə də eyni müddətdə həbs və daha az məbləğdə cərimə tətbiq edilib. Hər iki qadın məhkəmədə günahını etiraf edib və əfv istəyib. Nəticədə onlara fiziki cəza əvəzinə pul cəriməsi tətbiq olunub.