London, 30 dekabr, AZƏRTAC
Böyük Britaniya hökumətinin növbəti dörd il ərzində emissiyaların azaldılması, yaşıl enerjinin dəstəklənməsi və enerji xərclərinin aşağı salınması məqsədilə 13 milyard funt sterlinqə qədər vəsait ayıracağı gözlənilir.
AZƏRTAC “The Independent”ə istinadla xəbır verir ki, energetika naziri Ed Miliband gələn ay “sıfır hesablı” yeni yaşayış evləri ilə bağlı planları açıqlamağa hazırlaşır. Bu planlara günəş panelləri, istilik nasosları və enerjisaxlama batareyaları üçün qrantların verilməsi daxildir. Həmçinin milyonlarla ev sahibinin enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaq hədəflənir. Rəsmi mənbələrə görə, bəzi ev təsərrüfatları enerji üçün ya çox az məbləğ ödəyə, ya da ümumiyyətlə ödəniş etməyə bilər.
Nazirlər, həmçinin elektrik şəbəkəsinə qoşulan günəş panelləri ilə bağlı mövcud məhdudiyyətlərin yumşaldılmasını və banklarla birgə yeni maliyyələşmə mexanizmlərinin hazırlanmasını nəzərdən keçirirlər. Bu sxemlər çərçivəsində avadanlıqlar ilkin ödəniş olmadan quraşdırıla, xərclər isə 5–10 il ərzində hissə-hissə ödənilə bilər. Məlumata görə, ilkin xərclərin qarşılanmasında ən böyük dəstək aşağıgəlirli ailələrə göstəriləcək. Mütəxəssislər bildirirlər ki, bu təşəbbüslər nəticəsində bir çox ev təsərrüfatı demək olar ki, sıfıra yaxın enerji xərclərinə nail ola bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London