Bakı, 30 dekabr, AZƏRTAC
Dəqiq elmlər nə qədər sürətlə inkişaf etsə və informasiya texnologiyaları elm dünyasını nə qədər sürətlə zəbt etsə də, humanitar elmlərə, xüsusilə dilçilik elminə maraq azalmır, əksinə, günbəgün artır. Dilçilik sahəsində bir çox problemlər aktual olaraq qalır və bu problemlərdən biri də dil siyasəti məsələsidir. Filologiya elmləri doktoru, dosent Elçin Əli oğlu İbrahimovun “Müstəqil türk dövlətlərində dil siyasəti” araşdırması məhz bu aktual mövzuya həsr olunub.
AZƏRTAC Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın monoqrafiya haqqında fikirlərini təqdim edir.
Müasir dövrdə türkdilli dövlətlərin dil siyasətində köklü dəyişikliklər müşahidə olunur. Müstəqillik qazanan türk dövlətləri əlifbalarını yeniləyir, ana dillərində danışmağa və bu dildə təhsil almağa xüsusi önəm verməyə başlayıblar. Qeyd etmək lazımdır ki, ortaq sərvətimiz kimi dəyərləndirilən ortaq ədəbi dilimiz həmişə mübahisə mövzusu olub; bu ideyaya qarşı çıxanlarla yanaşı, onu dəstəkləyənlər də az olmayıb.
Bu gün elmi ədəbiyyatda dil problemləri əsasən sosioloji aspektdən araşdırılsa da, təəssüf ki, türk dövlətlərinin dilləri hələ də siyasi kontekstdə kifayət qədər öyrənilməyib. Müəllifin bu əsəri isə məhz türk xalqlarının dil siyasətinin öyrənilməsi zamanı ortaya çıxan bir çox mühüm məsələlərin həllinə yönəlib.
Dil və mədəniyyət mənzərəsinin zəngin müxtəlifliyi, tarixi və sosial-mədəni inkişafın unikallığı bu mövzunu xüsusilə tədqiqatçılar üçün cəlbedici edib. Əsər türk dövlətlərində yaşayan azsaylı etnik qrupların vəziyyətini və onların etnomədəni inkişafını, sosial amillərin bu inkişafda rolunu, müxtəlif etnik qrupların dil səriştəsini və dövlətin milli siyasətinin effektivliyini ortaya qoyur.
Zənnimizcə, araşdırma əsəri xüsusi sosial və etnolinqvistik prosesləri nəzərə alaraq, türk dövlətlərində dil siyasətinin vahid konsepsiyasının formalaşdırılmasına da əhəmiyyətli töhfə verəcək. Kitabda xüsusi diqqət çəkən amillərdən biri azsaylı xalqların dillərinin tədqiqata cəlb olunmasıdır. Tədqiqat işində bu xalqların dil siyasəti yüksək ustalıqla araşdırmaya daxil edilib.
Əsərin birinci bölməsində “Dil siyasəti və onun formalaşma yolları” mövzusu geniş şəkildə izah olunur. Burada dil siyasətinin təcrübə və perspektiv vəhdəti kimi formalaşması, əsas prinsipləri, dil planlaşdırılması, dil siyasətinin növləri, məqsədləri, vəzifələri, mərhələləri və müasir məkanlarda tətbiqi detallı şəkildə araşdırılır. Bu fəsildə bir daha vurğulanır ki, bir millətin həqiqi kimliyini ən yaxşı şəkildə sənət və elm sahələrində işlənən dil ifadə edir və dil millətin xarakterini ən açıq şəkildə ortaya qoyur.
Müəllif türkdilli respublikalarda türk xalqlarının dil siyasətini tarixi aspektdən tədqiq edir və Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, qazax, özbək, qırğız, türkmən türkcəsi kimi dillərin adlandırılmasını ən düzgün yanaşma hesab edir. Dissertasiyada, həmçinin Türkiyə Cümhuriyyətində, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanda aparılan dil siyasəti də geniş şəkildə təhlil olunur.
Kitabın ikinci bölməsi “Türk dövlətlərində və toplumlarında dil siyasəti (tarixi aspekt)” adlanır. Burada müəllif türk dövlət və cəmiyyətlərində dil siyasətinin tarixindən geniş şəkildə bəhs edir: Osmanlı imperiyasında və çar Rusiyasında türk xalqları ilə bağlı dil siyasəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və sovet dövründə türk respublikalarında aparılan siyasət detallı şəkildə təhlil olunur.
Üçüncü bölmə “Müstəqil türk respublikalarında dil siyasəti (müasir dövr)” adlanır. Bu fəsildə Türkiyə Cümhuriyyəti və son 30 ildə müstəqillik qazanan türk respublikaları – Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan çərçivəsində həyata keçirilən dil siyasəti araşdırılır. Müəllif hər bir dövləti ayrıca yarımfəsil şəklində təqdim edir və hər respublikada dil siyasəti ilə bağlı görülən işləri, qəbul edilən proqramları və tətbiq nümunələrini ətraflı izah edir.
Dördüncü bölmə isə “Müasir türk toplumlarında dil siyasəti” adlanır və ciddi sosial-problemlərin işıqlandırılmasına həsr olunub. Burada Rusiya Federasiyası, Çin Xalq Respublikası, İran İslam Respublikası, Moldova, Bolqarıstan və Gürcüstan kimi ölkələrdə yaşayan azsaylı türk xalqlarının dillərinin vəziyyəti, həmin ölkələrdə türk xalqları ilə əlaqədar aparılan dil siyasəti təhlil edilir.
Əsərin “Nəticə” hissəsində fəsillər üzrə əldə olunan əsas qənaətlər ümumiləşdirilir. İstifadə olunan ədəbiyyat siyahısından görünür ki, E.İbrahimov tədqiq etdiyi mövzu ilə bağlı müxtəlif dillərdə mövcud elmi mənbələri əhatəli şəkildə araşdırmış və mənimsəmişdir. Monoqrafiya həm nəzəri, həm də praktik xarakter daşıyır: burada dil siyasətinin nəzəri aspektləri araşdırılır, zəngin məlumat təqdim olunur və eyni zamanda, türk dillərinin inkişafına dair konkret təkliflər irəli sürülür.