Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər dövlət rüsumu ödəməkdən azad edilir.
Yeni qərarla bağlı Redaktor.az-a danışan sosioloq Yusif Nəbiyev bildirdi ki, bu qərar məişət zorakılığının artıq “ailədaxili məsələdir, kənar adam qarışmasın” kontekstindən çıxarılıb dövlətin də gündəmi və problemi halına gətirilməsinin rəsmi təsdiqidir.
"Sosial məsələlər mövzusunda məşhur deyim var ki, bir problemə hüquqi ad qoyulan andan etibarən, o artıq şəxsi problem yox, sosial fakt olmuş olur. Dövlət rüsumunun ləğvi isə zərərçəkənlərə açıq mesaj verir: qorunmaq yalnız pulunu ödəyə bilənlərin yararlana biləcəyi bir lüks xidmət deyil, hər kəsin hüququdur. Praktik müstəvidə bu addım, xüsusilə, aztəminatlı qadınlar üçün real baryerin aradan qaldırılması deməkdir. Əvvəl zorakılıq qurbanları (əsasən qadınlar) həm maddi zərər, həm də sosial damğa alırdılar. Adətən məhz bu ikiqat təzyiq onları hüquqlarının müdafiəsindən uzaqlaşdırırdı. İndi isə maddi məsələ bəhanə olmaqdan çıxarılır və sistemdən kənarlaşdırılır. Artıq qalanı cəmiyyətin vicdanına qalır. Gəlin, etiraf edək ki, zorakılığa məruz qalmaq yetmirmiş kimi, bir də hüquqi müdafiə üçün pul ödəmək məcburiyyətində qalmaq sistem adına absurdluq idi. Bu qərar isə gecikmiş olsa da, doğru istiqamətdə atılmış addımdır. Zorakılığın tez-tez normallaşdırıldığı cəmiyyətlərdə bu tipl kiçik hüquqi dəyişikliklərin belə böyük sosial təsiri olur", - deyə o vurğuladı.
Nuriyyə NATİQQIZI