Bakı, 30 dekabr, Günel Alıyeva, Orxan Kərimov, AZƏRTAC
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Neon Teatrı tərəfindən səhnələşdirilən “Qar kraliçası” tamaşasının bir neçə nümayişi böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, tamaşa, həmçinin xeyriyyə məqsədilə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrindən olan uşaqlar, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nümayiş olunub.
AZƏRTAC-a verdiyi müsahibədə Neon Teatrının prodüseri və təsisçilərindən biri olan Həcər Aftandil qızı kollektivin bu cür tədbirlərin təşkilində üzləşdiyi çətinliklərdən və layihənin ehtiyacı olan dəstəkdən danışıb.
“Başladığın istənilən bir işin öz çətinlikləri var. Əsas problemimiz öz məkanımızın olmamasıdır. Bu, həqiqətən də çətindir, çünki hazırlıq mərhələləri var: dekorasiyalar, geyimlər və texniki hissə. Neon Teatrı rənglər, işıq və effektlərlə işdən ibarətdir və bütün bunlar müvafiq şərait tələb edir”, - deyə o qeyd edib.
Prodüserin sözlərinə görə, daimi məkanın olmaması səbəbindən kollektiv hər dəfə müxtəlif yerlərdə tamaşalar keçirmək üçün imkanlar axtarmağa məcbur olur və quruluşu yeni şəraitə uyğunlaşdırır. Bu arada, təşkilati və maliyyə məsələlərinin əhəmiyyətli bir hissəsi öz gücü ilə həll olunur.
“Hazırda öz resurslarımız çərçivəsində çox iş görürük. Lakin biz bu layihəni inkişaf etdirmək istəyirik, çünki görürük ki, buna ehtiyac var, tamaşaçılar arasında tələbat var”, - deyə o vurğulayıb.
Müsahibimiz qeyd edib ki, daha çox ailənin tamaşalar haqqında məlumat əldə etməsi və daha çox uşağın tamaşaçı ola bilməsi üçün bu cür layihələrin təşviqat imkanlarını genişləndirmək vacibdir.
Teatrın cəmiyyətdəki missiyasından danışan prodüser vurğulayıb ki, teatr təkcə incəsənət deyil, həm də bir mədəniyyət məktəbidir. O, fərdi formalaşdırır, səhnəyə və tamaşaçılara hörmət hissi aşılayır, ortaq bir məkanın bir hissəsi olmağı, duyğularını idarə etməyi və sənətlə canlı qarşılıqlı ünsiyyətin dəyərini dərk etməyi öyrədir. Bundan əlavə, teatr estetik zövqü inkişaf etdirir və hadisə hissini qaytarır – teatra gəliş mədəni vərdiş və daxili intizam elementinə çevrilir.
Müsahibimiz xeyriyyə tamaşaları mövzusunu xüsusilə vurğulayıb. Həcər Aftandil qızının sözlərinə görə, bu cür tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhid ailələri üçün xüsusilə vacibdir.
“Bu, çox vacibdir. Əlbəttə ki, ilk növbədə, qazilərə və şəhid övladlarına xüsusi diqqət yetirilməlidir - onlar bizim üçün prioritetdir. Bu gün ölkəmizdə yaşamağımıza və yaratmaq imkanına görə onlara minnətdarıq”, - deyə o fikrini tamamlayıb.