Krımda Rusiya prezidenti Vladimir Putinə aid olduğu iddia edilən yeni saray inşa edilib.
Turkustan.az xəbər verir ki, bu barədə Aleksey Navalnının tərəfdarları tərəfindən yayımlanan yeni araşdırmada bildirilib. Araşdırmaya görə, sarayın qiyməti təxminən 10 milyard rubl (təxminən 217 milyon manat) təşkil edir.
Məlumata görə, bu ərazi əvvəllər Viktor Yanukoviçin ailəsinə aid olan bağ olub. 2007-ci ildə Yanukoviçin ailəsi 3,5 hektarlıq sahəni 1,2 milyon ABŞ dollarına satın alıb. 2013-cü ildə Ukrayna prezidenti olan Yanukoviç bu ərazidəki tikintidə ailəsinin iştirakını inkar edib.
Krımın Rusiya tərəfindən ilhaqından sonra Sevastopolun sabiq qubernatoru Sergey Menyaylo ərazinin rus hakimiyyətinə verilməsi imkanlarını açıqlayıb. Əvvəlcə burada sanatoriyanın açılması planlaşdırılsa da, son qərara əsasən, obyekt Prezident İşlər İdarəsinə təhvil verilib. Daha sonra jurnalistlər xəbər yayıblar ki, tikinti işləri Vladimir Putinin yaxın ətrafına aid şəxlərin – Yuri və Boris Kovalçukların şirkətləri tərəfindən həyata keçiriləcək.
Araşdırmada qeyd olunur ki, Ayya burnunda inşa olunan saray “Bereg”ə məxsusdur, bu şirkət isə “Golden Gate” holdinqinə bağlıdır. Şirkətin maraqlarını həmçinin “Binom” və “KompIeks” təmsil edir. Qeyd olunur ki, sarayın interyer dizaynı Federal Mühafizə Xidmətinin tələblərinə uyğun hazırlanıb. Tikinti işlərini isə “Kredo” şirkəti həyata keçirib ki, bu şirkət Putinin digər rəsmi və qeyri-rəsmi rezidensiyalarında da fəaliyyət göstərib. /Bakupsot.az/

Navalnının tərəfdarları sarayın fotoşəkillərini və memarlıq planlarını dərc edib. Əsas binada 20 nəfərlik masanın olduğu 233 kvadratmetrlik yemək zalı, 183 və 154 kvadratmetrlik iki yataq otağı, 50 kvadratmetrlik cakkuzi ilə mərmər hamam, ev klinikası, SPA mərkəzi və hovuz, kriokamera, kinoteatr, bilyard otağı və şərab zirzəmisi mövcuddur. Kompleksin bir hissəsi qonaqlar üçün nəzərdə tutulmuş apartamentlərdir və onların damında dənizə baxan park salınıb.
Sarayın inşasına biznesmen Vladimir Kolbin, “Aratron” və “Forstis” şirkətləri maliyyə dəstəyi verib. Araşdırmaya görə, “Forstis” şirkəti Yuri Kovalçukla əlaqəli ola bilər.
2021-ci ildə “Novaya Gazeta” da bu ərazinin Putinin yaxınlarına aid olduğunu yazıb və obyektin “Kovalçuk bağçası” adlandırıldığını qeyd etmişdi. Jurnalistlər əraziyə daxil olmağa cəhd etsələr də, girişdəki mülki geyimli şəxslər bunu qadağan edib. Tikinti işçilərindən biri jurnalistlərə bildirib ki, burada prezident üçün bağça tikilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta