Bakı, 30 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda cari il üzrə müəyyənləşdirilmiş idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə tədqiqatlar aparılıb və ümumilikdə 29 mühüm elmi nəticə əldə edilib.
AZƏRTAC xəbər verir ki, institut əməkdaşları tərəfindən 2025-ci ildə 367 elmi əsər, o cümlədən 136 məqalə dərc olunub. Məqalələrin 24-ü “Web of Science”bazasında, 27-si isə “Scopus” bazasında yerləşdirilib. Bundan əlavə, 5 kitab (1-i xaricdə), 4 dərs vəsaiti və 1 monoqrafiya (xaricdə) çap olunub, 3 Avrasiya patenti alınıb, tədqiqatçıların əsərlərinə 4290 istinad edilib.