AZ

Yeni il dinimizə ziddirmi? - İlahiyyatçıdan AÇIQLAMA

Yeni ilin gəlişi uşaqdan böyüyə hər kəsdə sevinc və həyəcan doğurur. Lakin cəmiyyətdə belə bir fikir də mövcuddur ki, Yeni il bizim milli adət-ənənələrimizə və dini dəyərlərimizə məxsus bayram olmadığı üçün onun qeyd edilməsi düzgün sayılmamalıdır.

Bəs bu yanaşma nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirdi ki, İslam dini bir mədəniyyət dinidir. O, qeyd etdi ki, İslam əsrlərdən bəri insanlığa doğru yolu göstərən, haqqı, ədaləti və mədəni dəyərləri təbliğ edən bir dindir:

"Bu dinin ana kitabı Qurani-Kərimdir və onun müəllimi peyğəmbərimiz əleyhissalatu vəssalamdır. Təbii ki, o dövrlərdə də Yeni il gəlib, insanlar Yeni ili görüblər. Allah Rəsulunun dövründə də bu yaşanıb, sonrakı dövrlərdə də müsəlmanlar həmişə Yeni illə üzləşiblər. İslam dininin iki möhtəşəm bayramı var: biri Qurban bayramı, digəri isə Ramazan ayının bayramıdır. Bunun xaricində olan bütün bayramlar, yəni dünyəvi olaraq dövlət bayramları, milli bayramlar və s. xalqlara, millətlərə görə dəyişir. Amma İslamın özək olaraq, öz olaraq bu iki bayramı var. Qaldı ki, dünyəvi bayramlarla dini bayramları heç vaxt qarışdırmağın və bununla bağlı mübahisə etməyin də bir mənası yoxdur. Qurani-Kərimdə “Maidə” surəsi var. “Maidə” surəsinin ikinci ayəsində Uca Yaradan buyurur: "Təavənu aləl birri vət-təqva və la təavənu aləl ismi vəl-udvan". Bu ayədə deyilir ki, siz insanlar olaraq təqva və gözəl işlər üzərində toplaşın, günah olan işlərdə və günah olan məclislərdə toplaşmayın".

Onun sözlərinə görə, Yeni il bir təqvim məsələsidir, dünyada insanlar yeni bir təqvimə daxil olurlar:

"Bunun müsəlmanlara bir dəxli yoxdur. Yəni bu, İslam dini bayramıdır və ya bayram deyil, bu, dünyəvi olaraq keçirilən bir gündür. Ona görə də çalışmaq lazımdır ki, bu günlərdə Yeni ilə qədəm qoyarkən dualarımızla, niyazlarımızla, münacatlarımızla, eyni zamanda da, əgər israfa yol vermədən, niyyətlərimizi pozmadan yeni bir ilə qədəm qoyuruqsa, onun duasını edək, onun şükrünü yerinə yetirək ki, Allahım, 2026-cı ili xalqımız üçün, millətimiz üçün, insanlıq üçün çox gözəl elə. Burada dinə ziddiyyət də yoxdur, mübahisələrə də yer yoxdur. Ona görə biz əslində insanlığa qucaq açmış bir dinin mənsublarıyıq. Lakin harama yox, yalana yox, israflara yox, günahlara yox deyirik. Təmiz niyyətlə və təmiz yolla getmək istəyən insanlara İslam dini həmişə bu gözəl tövsiyələrini verir. 2026-cı il xalqımız üçün, ümmət üçün, insanlıq üçün xeyirli olsun".

Nuriyyə NATİQQIZI

Seçilən
46
redaktor.az

1Mənbələr