ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Elxan İbrahimovun Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarılması gündımdən düşmür. Heç nazirlərin istefaya göndərilməsi bu qədər müzakirəyə səbəb olmamışdı.
Səbəb? Səbəb çoxdur. Əvvəla, Elxan İbrahimov heç iki ay olmaz, Nəsimi rayonuna başçı gəlib. Bundan əvvəl Kürdəmirdə başçı olub. Təcrübəsiz biri də deyil. İkincisi, bir icra başçısı necə bir qüsur etməli, necə bir səhv buraxmalı, necə bir cinayət işləməlidir ki, heç iki ay tamam olmamış vəzifədən götürülsün?! Üçüncüsü, bəlkə əvvəlki iş yerində nələrsə qarışdırıb, indi üzə çıxıb və sair və ilaxır.
Bir sözlə, Elxan İbrahimovla bağlı media və sosial şəbəkələr susmur. Biri deyir, Nəsimiyə başçı gələn kimi başlayıb sahibkarları Nəsimi kimi soymağa. Hərəsindən 100 min, 200 min gətirməyi tələb edirmiş (orasını demirlər, manatla, dollarla, yoxsa avro ilə). Başqa biri yazır ki, kabinetində nalayiq hərəkətlərlə məşğul olurmuş, görüntülər var. Üçüncü bir mənbədə isə belə bir məlumat yayılıb: vəzifəyə gələn günün ertəsi - dərhal köhnə işçilərdən - müavinlərdən, şöbə və sektor müdirlərindən ərizə yazıb işdən çıxmağı tələb edib.
Bu yazılanları oxuyursan və düşünürsən: bu sadalanan əməlləri indi hansı icra başçısı törətmir ki?! Ancaq nədən təkcə elə Elxan İbrahimov?!
Yox, təkcə Elxan İbrahimov deyil. Yəni Elxan İbrahimov tək deyil. Bu "icra hakimiyyəti" adlanan institutun himi, görünür, belə qoyulub; mayası xalqa xidmətlə deyil, rüşvətlə yoğrulub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir tərəfdən, prokurorluq bir tərəfdən ha tutur, məhkəmələr ha türməyə göndərir, bir faydası yoxdur; icra başçıları bildiyini edir. Həm də tutulacağını bilə-bilə. Ən qəribəsi də budur. Akstafanın başçısını tutdular, İmişlininkini tutdular, Neftçalanınkını tutdular, Biləsuvarınkını tutdular... Saymaqla bitmir ki. Bunları görə-görə İslam Rzayev başçısı olduğu Balakəndə camaatın başına corab hörürmüş; rüşvəti özü şəxsən öz kabinetində əlbəəl alırmış. Özü də yəqin o qədər küt də deyilmiş ki, kabinetinin izləndiyindən xəbərsiz olsun. Adam DTX-nın qəfil əcəl kimi gələcək müstəntiqindən və əməliyyatçılarından deyil, öz tabeliyində olanlardan qorxurmuş! Qorxurmuş ki, pulu kəm verərlər, ya da vasitəçi ona "atar". Bu pulyığma əməliyyatını işçilərindən hər hansı birinə həvalə etmək istəmirmiş, yığılan rüşvətin üstündən götürərlər deyə, özü şəxsən bu işə girişib. Həm də təkcə bu deyil.
Yəni istənilən icra başçısı bu vəzifəyə gələndə qolunun qandalını da özü ilə gətirib. Bəziləri çox "safmış": düşünüblər, bir az işləyib yığarlar, sonra işdən çıxanda gedib oturub yığdıqlarını rahat yeyərlər; sərmayə yatırıb bizneslə məşğul olarlar və sair.
Amma sən saydığını say, gör, DTX nə sayır!
Yox, Elxan İbrahimovun kabinetinə DTX gəlmədi. Onu işdən çıxarıblar, sadəcə. Bəlkə Baş Prokurorluqdakı, yaxud DTX-dəki kabinetlərdə çətin suallar qarşısında tər töküb, orasını bilmirəm. Ancaq iş bundadır ki, onun haqqında deyilənlərin hər biri (ya da elə hamısı) doğru ola bilər. Bir icra başçısına yaraşdırmaq olar. Eləcə də, ondan yuxarıdakı səbəblərdən.
Nə deyim?! Ölkədə tuthatut həmişəki kimi davam edir. Prezident hər dəfə hakimiyyət ağacını silkələyəndə yerə xeyli çürük tökülür.
Bir sözlə, ölkədə hərənin ən azı bir cinayəti vardır. Ona görə də hərənin işini öz vaxtında qaldırırlar. Hərəsini bir (və ya bir neçə) cinayətdə ittiham edib, hamısını tuturlar.
Özünüz də bilirsiniz, evdə mebelin yerini dəyişəndə altından-arxasından xeyli lazımsız əşya çıxır...
P.S. Yeri gəlmişkən, deyirlər, icra hakimiyyətləri ləğv olunacaq. Neçə ildir, bu söhbət gedir, hələlik bir şey yoxdur. Bilmirəm, icra hakimiyyətlərininn özünü ləğv edəcəklər, yoxsa yox, heç olmasa, "icra hakimiyyəti başçısı" sözünü ləğv etsinlər, dəyişsinlər. Bu vəzifəyə təyin olunan adamlar hakimiyyətin iyini alan kimi başlarını itirirlər. Dönüb olurlar, İCRA HAKİMİYYƏTİNİN BAŞSIZLARI. Axırda başlarına nə gəlirsə, bu addan gəlir...
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.