ABŞ prezidenti Donald Tramp Türkiyəyə ‘‘F-35’’ qırıcı təyyarələrinin satışının mümkünlüyünü çox ciddi şəkildə nəzərdən keçirdiklərini bildirib.
Jurnalistlərin ABŞ-ın bu satışı təsdiqləyib-təsdiqləməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp deyib: “Biz bunu çox ciddi şəkildə nəzərdən keçiririk”.
Bu ayın əvvəlində ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Vaşinqtonun Ankara ilə bu mövzu ətrafında müzakirələr apardığını açıqlayıb. O, qarşıdakı aylarda bu istiqamətdə irəliləyişə ümid etdiklərini vurğulayıb.
Barrak bildirib ki, ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan müsbət münasibətlər yeni əməkdaşlıq mühiti yaradıb. Onun sözlərinə görə, bu da on ilin ən məhsuldar ‘‘F-35’’ danışıqlarının aparılmasına şərait yaradıb.
“Ümid edirik ki, bu müzakirələr qarşıdakı aylarda həm ABŞ-ın, həm də Türkiyənin təhlükəsizlik ehtiyaclarını təmin edəcək bir irəliləyişlə nəticələnəcək”, – deyə Tom Barrak qeyd edib.
Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan ‘‘S-400’’ hava hücumundan müdafiə sistemləri almasına etiraz etdikdən sonra 2019-cu ildə Ankaranı ‘‘F-35’’ qırıcı təyyarə proqramından çıxarmışdı.
Türkiyə isə proqramdan kənarlaşdırılmasını ədalətsiz hesab etdiyini bildirərək, məsələnin Donald Trampın ikinci prezidentlik müddətində həll olunacağına ümid etdiyini dəfələrlə vurğulayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan da bu ayın əvvəlində açıqlama verərək, Ankaranın ABŞ-la CAATSA sanksiyaları ilə bağlı fikir ayrılıqlarını həll etməyə yaxın olduğunu deyib.
“İnanıram ki, tezliklə bu maneəni aradan qaldırmağın yolunu tapacağıq”,-deyə Hakan Fidan vurğulayıb.