“Donald Trampın açıqlaması ritorikadan daha çox xəbərdarlıq xarakteri daşıyır və Vaşinqtonun İran məsələsində səbr limitinin yenidən daraldığını göstərir. Burada əsas məqam ABŞ-ın mümkün hərbi ssenarini artıq açıq şəkildə İsrail üzərindən legitimləşdirməsidir. Yəni Vaşinqton birbaşa müharibə elan etmir, amma “əgər İran nüvə xəttini keçərsə, İsrail zərbə endirə bilər və biz buna arxa durarıq” mesajını verir. Bu isə Tehrana ünvanlanan klassik, amma sərt geosiyasi siqnaldır. İran üçün müharibə təhdidi prinsip etibarilə yeni deyil, sadəcə indi daha açıq və daha konkret formaya keçir. Trampın dili diplomatik deyil, biznesmen-siyasi üslubdadır: xəbərdarlıq, təzyiq və nəticə. Burada məqsəd müharibəni dərhal başlatmaq yox, İranı psixoloji və strateji baxımdan sıxışdırmaqdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, ABŞ Tehranın nüvə proqramını inkişaf etdirməyə davam edəcəyi təqdirdə, İsrailin İrana mümkün yeni zərbələrini dəstəkləməyə hazır olacaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib. "Eşidirəm ki, İran yenidən nüvə potensialını artırmağa çalışır. Əgər bu doğrudursa, biz onları dayandırmalı olacağıq. Biz bunu edəcəyik və onların ağlını başlarına gətirəcəyik. Lakin ümid edirəm ki, belə bir vəziyyət yaranmayacaq”, – deyə Tramp bildirib.
Siyasi şərhçi qeyd edib ki, ABŞ anlayır ki, İranla birbaşa genişmiqyaslı müharibə regionu partladar, enerji bazarlarını silkələyər və Vaşinqtonun maraqlarına baha başa gələr.