"Daimi dişlərin sağlam qalması üçün düzgün və davamlı ağız-diş baxımı əsas şərtdir. Tövsiyə edirəm ki, ilk növbədə dişlər gündə ən azı iki dəfə səhər və axşam yatmazdan əvvəl flüorlu diş məcunu ilə fırçalansın".
Bu fikirləri Redaktor.az-a açıqlamasında stomatoloq İdris Rəhimli daimi dişlərin sağlam saxlanılmasının yollarından danışarkən bildirdi.
Onun sözlərinə görə, diş fırçası isə orta sərtlikdə olmalı və hər 3-4 aydan bir yenilənməlidir:
"Fırçalama zamanı yalnız dişlərin ön səthinə deyil, arxa və çeynəmə səthlərinə də diqqət yetirilməlidir. Bundan əlavə, dişlərin arasının təmiz saxlanması üçün diş sapından və ya arayuyucu vasitələrdən istifadə vacibdir. Çünki fırça diş aralarında qalan qida qalıqlarını tam təmizləyə bilmir və bu, zamanla kariyesin yaranmasına səbəb olur. Ağız yaxalayıcı məhlullar isə bakteriyaların azalmasına və nəfəsin təravətli qalmasına kömək edir".
Stomatoloq qeyd etdi ki, qidalanma da diş sağlamlığında mühüm rol oynayır.
"Şəkərli və qazlı içkilərin, yapışqan şirniyyatların həddindən artıq qəbulu diş minasını zəiflədir. Bunun əvəzinə kalsium və fosforla zəngin süd məhsulları, təzə tərəvəz və meyvələr, xüsusilə alma və kök kimi sərt qidalar dişlərin möhkəmlənməsinə müsbət təsir göstərir. Daimi dişlərin qorunması üçün mütəmadi olaraq, ən azı 6 ayda bir dəfə stomatoloq müayinəsindən keçmək vacibdir. Erkən mərhələdə aşkar olunan problemlər daha asan və ağrısız müalicə olunur. Uşaqlarda və yeniyetmələrdə isə dişlər çıxan kimi fissura örtüyünün tətbiqi kariyes riskini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə müsahibimiz vurğuladı.
Xədicə BAXIŞLI