AZ

Yeni il, yeni baxış: dəyişən tələblər və insan mərkəzli yanaşma

Bakı, 30 dekabr, AZƏRTAC

Yeni ilin başlanğıcı cəmiyyət üçün adətən yalnız təqvimdə bir rəqəmin dəyişməsi kimi deyil, ötən dövrün təhlili və qarşıdakı mərhələyə daha aydın baxış formalaşdırmaq üçün fürsət kimi qəbul olunur. İnsanlar bu mərhələdə həm şəxsi, həm də peşəkar həyatlarında harada olduqlarını və hara doğru irəlilədiklərini daha çox düşünməyə başlayırlar. Eyni yanaşma əmək bazarı və iş dünyası üçün də keçərlidir. Yeni il dəyişən reallıqları görmək, köhnə yanaşmaları yenidən nəzərdən keçirmək və gələcək üçün daha uyğun qərarlar vermək baxımından mühüm bir keçid nöqtəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında insan resursları üzrə ekspert Aytən Şıxaliyeva bildirib.

Aytən Şıxaliyeva qeyd edib ki, qlobal miqyasda baş verən texnoloji, iqtisadi və sosial transformasiyalar iş dünyasının əsas prinsiplərini ciddi şəkildə dəyişməkdədir. Bu proseslər yalnız inkişaf etmiş ölkələrdə deyil, Azərbaycanın əmək bazarında da öz təsirini getdikcə daha aydın şəkildə göstərir. Yeni ilə keçid məhz bu dəyişiklikləri səthi yox, dərin şəkildə anlamaq və onlara uyğun mövqe formalaşdırmaq üçün əlverişli zəmin yaradır.

“Son illər əmək bazarında müşahidə olunan əsas dəyişikliklərdən biri kadr seçimi və işə qəbul meyarlarının mahiyyətcə yenilənməsidir. Uzun müddət ərzində əsas göstərici kimi qəbul edilən diplom, formal ixtisas uyğunluğu və staj anlayışı artıq təkbaşına kifayət etmir. Getdikcə daha çox işəgötürən namizədin hansı ali məktəbi bitirməsindən çox, onun real bacarıqlarına, düşüncə tərzinə və praktiki səriştələrinə diqqət yetirir.

Burada söhbət diplomun əhəmiyyətinin azalmasından deyil, bacarığın rolunun ön plana çıxmasından gedir. Müasir əmək bazarında analitik düşüncə, problem həll etmə, dəyişən şəraitə uyğunlaşma, effektiv ünsiyyət qurma və davamlı öyrənmə bacarıqları əsas üstünlüklər sırasındadır. Bu reallıq insan resurslarının idarə edilməsində həm dövlət, həm də özəl sektor üçün yanaşmanın yenilənməsini zəruri edir. Yeni il bu baxımdan köhnə meyarlarla yeni reallığı qiymətləndirməyin artıq mümkün olmadığını bir daha xatırladır”, - deyə o bildirib.

Onun sözlərinə görə, bacarıqların ön plana çıxması texnoloji dəyişikliklərlə birbaşa əlaqəlidir: “Son illər süni intellektin sürətli inkişafı iş dünyasında geniş müzakirələrə və bəzən də narahatlıqlara səbəb olub. Azərbaycanda da bu texnologiyaların əmək bazarına təsiri ilə bağlı suallar artmaqdadır. Bir çox insan yeni ilə daxil olarkən öz işinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik hiss edir. Lakin beynəlxalq təcrübə göstərir ki, süni intellekt mövcud iş yerlərini tamamilə aradan qaldırmaqdan daha çox, işin icra formasını, məzmununu və tələblərini dəyişir.

Bu mərhələdə əsas risk texnologiyanın özü deyil, ona uyğunlaşa bilməməkdir. Yeni iş mühitində üstünlük qazanan əsas keyfiyyətlərdən biri öyrənmə çevikliyidir. Süni intellekti rəqib deyil, alət kimi görən, yeni biliklərə açıq olan və bacarıqlarını davamlı yeniləyən mütəxəssislər üçün əlavə imkanlar yaranır. Yeni il bu mənada əmək bazarının bütün iştirakçıları üçün adaptasiya və yenilənmə dövrü kimi qiymətləndirilə bilər”.

Ekpert qeyd edib ki, texnoloji transformasiyalarla yanaşı, əmək bazarında getdikcə daha çox diqqət çəkən digər mühüm məsələ işçilərin psixoloji rifahıdır: “Müasir iş mühitində geniş yayılan problemlərdən biri səssiz yorğunluq və daxili motivasiyanın azalmasıdır. İnsanlar öz vəzifələrini icra edir, proseslər davam edir, lakin işdən alınan məmnunluq və inkişaf hissi tədricən zəifləyir. Bu vəziyyət çox zaman açıq şəkildə ifadə olunmur, lakin Yeni il ərəfəsində insanlar iş həyatlarına daha dürüst və tənqidi baxmağa başlayırlar.

Bu reallıq insan resurslarının idarə edilməsində yanaşmanın dəyişməsini qaçılmaz edir. Yalnız nəticəyə fokuslanan, sərt nəzarətə əsaslanan idarəetmə modelləri uzunmüddətli perspektivdə effektivliyini itirir. İş mühitində güvən, açıq ünsiyyət və inkişaf imkanları təmin olunmadıqda, motivasiya və məhsuldarlığın davamlılığı da sual altına düşür. Məhz bu nöqtədə kouçvari yanaşma ön plana çıxır”.

Müsahibimizin fikrincə, bu yanaşmada rəhbər yalnız tapşırıq verən və nəticə tələb edən şəxs kimi deyil, əməkdaşın potensialını üzə çıxarmağa şərait yaradan tərəfdaş kimi çıxış edir. Hazır cavablar təqdim etmək əvəzinə düzgün suallar vermək əməkdaşın məsuliyyət hissini, daxili motivasiyasını və qərarvermə bacarığını gücləndirir. Yeni il kontekstində təşkilatlar üçün əsas suallardan biri də məhz budur: insan resursu yalnız icraçı kimi qiymətləndirilir, yoxsa strateji kapital kimi inkişaf etdirilir?

Yeni ilin yaxınlaşması bir çox insan üçün karyera ilə bağlı qərarların yenidən nəzərdən keçirildiyi dövrdür. Bununla belə, inkişaf hər zaman iş yerinin dəyişməsi anlamına gəlmir. Daxili karyera imkanlarının yaradılması, yeni bacarıqların qazanılması və fərqli funksiyalarda təcrübə əldə edilməsi də karyera inkişafının mühüm formalarıdır. Yeni il həm fərdlər, həm də təşkilatlar üçün mövcud potensiala yeni baxışla yanaşmaq imkanı yaradır.

“Əmək bazarı dəyişir, texnologiyalar yenilənir, idarəetmə modelləri transformasiya olunur. Lakin bütün bu dəyişikliklərin mərkəzində hələ də insan dayanır. Sistemlər, platformalar və rəqəmsal alətlər yalnız vasitədir. Əsas məsələ insanın bu vasitələrlə necə münasibət qurması, dəyişən şəraitdə öz yerini necə tapması və inkişafını necə davam etdirməsidir. Yeni il əmək münasibətlərinə daha real, bacarıq əsaslı və insan mərkəzli yanaşma formalaşdırmaq üçün mühüm fürsətdir. Davamlı inkişaf, öyrənməyə açıqlıq və kouçvari idarəetmə gələcək əmək bazarının əsas dayaqlarıdır. Gələcək ən çox bilənlərin deyil, dəyişən şəraitə uyğunlaşa bilənlərin olacaq”, - deyə A.Şıxaliyeva vurğulayıb.

 

 

 

Seçilən
23
azertag.az

1Mənbələr