AZ

"3000-dən çox misirli və Misirdə təhsil alan əcnəbi tələbəyə Azərbaycan dilini öyrətmişik" - Seymur Nəsirov

"Mən 30 il öncə Misirə təhsilimi davam etdirmək üçün rəsmi dəvət aldım. Həmişə düşünürdüm ki, vətənimi necə təbliğ edə bilərəm və bu məqsədlə ən doğru yolun vətənimizin həqiqətlərini yaymaq, elmi tədqiqatlar aparmaq və dilimizi öyrətmək olduğunu qərara aldım".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirov bildirdi.

"Ərəb dilini öyrəndikdən sonra ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlara başladım. 25 ildən artıq bir müddətdə, ərəb mənbələrində apardığım araşdırmalar nəticəsində 700-dən çox azərbaycanlı alim tapdım. Bu alimlərdən bəziləri Azərbaycandan, digərləri isə ərəb ölkələrində doğulmuş və əslən azərbaycanlı olanlardır. Bu tədqiqatların nəticələrini iki kitabda topladım, 250-dən çox azərbaycanlı alim haqqında yazdım. Eyni zamanda magistr və doktorantura işimi də bu sahədə apardım. Universitet illərimdə, 1990-cı illərin sonlarında Misirdəki türk dili bölməsində oxuyan tələbələrə Azərbaycan dilini öyrətməyə başladım. Sonralar ailə qurduqdan sonra öz evimizdə də Azərbaycan dilini tədris etməyə başladım. 12 il əvvəl, 2013-cü ildə isə Ana dilini və vətənimizin mədəniyyətini daha geniş təbliğ etmək məqsədilə bir diaspor mərkəzi təsis etdim. 600 kvadratmetrlik böyük bir obyekt alaraq burada Azərbaycan dilini və mədəniyyətini tədris etməyə başladıq. Həmin gündən bu günə qədər müxtəlif fənlər üzrə 650-dən çox tələbəyə, o cümlədən 61 ölkədən gələn tələbələrə ödənişsiz təhsil veririk. Ümumilikdə, 3000-dən çox misirli və Misirdə təhsil alan əcnəbi tələbəyə Azərbaycan dilini öyrətmişik. Keçən ay tədris alan tələbələrdən biri Misirdəki Azərbaycan-Misir Dostluq Məktəbində Azərbaycan dilini tədris etməyə təyin edilib. Bu da bizim tədris fəaliyyətimizin uğurlu nəticələrindən biridir", - deyə müsahibimiz qeyd etdi.

Seymur Nəsirov onu da bildirdi ki, diaspor mərkəzimində hər il müxtəlif əlamətdar günləri təntənəli şəkildə qeyd edirlər:

"Dünya Azərbaycanlılarının Həmrəylik Gününü, 20 Yanvarı, Xocalı soyqırımını, Novruz bayramını, ümummilli lider Heydər Əliyevin doğum gününü və 8 Noyabr Zəfər Gününü xüsusi tədbirlər və ziyafətlə qeyd edirik. Bu tədbirləri həm azərbaycanlılar, həm də misirli dostlarımızla birgə keçiririk. Həmrəylik günündə uşaqlara hədiyyələr təqdim edir, müsabiqələr təşkil edir və misirli dostlarımızı da tədbirlərə dəvət edirik. Çıxışlarımızda hər zaman Misirlə Azərbaycan arasında tarixi əlaqələrdən, ölkəmizin sürətli inkişafından, azərbaycanlıların bir yumruq kimi həmrəy olmasının vacibliyindən danışırıq. Bizim məqsədimiz yalnız Azərbaycanı təbliğ etmək deyil, həmçinin Misirdə təhsil alan xarici tələbələrə vətənimizlə dost olmağı öyrətməkdir. Bu, gələcəkdə Misirlə Azərbaycan arasında əlaqələrin güclənməsinə kömək edəcəkdir. Son olaraq, qeyd edim ki, 25 ildir Misirdə təhsil alan xarici tələbələrə rəhbərlik edirəm. Bu illər ərzində dünyanın 100-dən çox ölkəsindən tələbə yetişdirmişəm, onların arasında professorlar, müftilər, şeyxlər və tanınmış simalar vardır. Hal-hazırda dünyanın 71 ölkəsindən 2000-dən çox tələbəyə rəhbərlik edirəm və bu vasitə ilə Azərbaycanı bütün dünyada təbliğ etməyə davam edirəm".

Xədicə BAXIŞLI 

Seçilən
48
1
redaktor.az

2Mənbələr