AZ

Rejissor Tural Vaqif oğlu: Teatr uşaqların canlı emosiyalara qayıtmasına kömək edir

Bakı, 30 dekabr, Günel Alıyeva, Orxan Kərimov, AZƏRTAC

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Neon Teatrının quruluşunda hazırlanmış “Qar kraliçası” tamaşası bir neçə dəfə nümayiş etdirilib və böyük uğur qazanıb. Qeyd edək ki, tamaşa şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının övladları, eləcə də xüsusi inkişaf xüsusiyyətləri olan uşaqlar üçün xeyriyyə məqsədilə nümayiş etdirilib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Neon Teatrının rejissoru, teatrın təsisçilərindən biri olan Tural Vaqif oğlu vurğulayıb ki, bu cür təşəbbüslər sadəcə mədəni tədbir deyil, həm uşaqların, həm də onların valideynlərinin ehtiyac duyduğu canlı dəstək formasıdır.

“Müasir dövrdə bu cür tədbirlər həqiqətən çox vacibdir. Teatr öz əsas funksiyalarından birini yerinə yetirir, yəni bədii-yaradıcı düşüncənin formalaşmasına kömək edir. Uşaqlar, əsasən də xüsusi inkişaf xüsusiyyətləri olan uşaqlar üçün bu, daha böyük əhəmiyyət daşıyır. Məhz buna görə də biz bütün incəlikləri nəzərə almağa çalışırıq, belə ki, tamaşanın asan qavranılması, vizual həllin aydın, rəngarəng və parlaq olması bizim üçün əsas şərtlərdir”, - deyə müsahibimiz bildirib.

Rejissorun sözlərinə görə, Neon Teatrı fəaliyyətində sosial komponenti inkişaf etdirməyi və müxtəlif yaş qrupları və təşəbbüslər üçün açıq qalmağı qarşısına məqsəd qoyub.

“Biz istəyirik ki, teatrımız 7 yaşdan 77 yaşa qədər olan tamaşaçılar üçün olsun. Bu yaş diapazonunda fəal inkişaf edək ki, hər bir tamaşaçı üçün maraqlı olaq. Sosial layihələrə gəlincə isə bir məsələni xüsusi vurğulamaq istəyirəm: biz teatr olaraq istənilən təşəbbüsə açığıq və uşaqları sevindirməyə mütləq davam edəcəyik”, - deyə Tural Vaqif oğlu əlavə edib.

Rejissor, həmçinin müasir incəsənətin əsas vəzifələrindən birinin uşaqları canlı emosiyalara və real ünsiyyətə qaytarmaq olduğunu diqqətə çatdırıb.

Seçilən
41
azertag.az

1Mənbələr