"Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə qəbul imtahanlarında abituriyentlər 5–6 fənn üzrə imtahan verirlər. Yəni, 11-ci sinif şagirdlərindən eyni vaxtda 5-6 fənn üzrə yüksək nəticə tələb olunur. Bu isə abituriyent üçün olduqca çətin bir prosesdir. Məsələ ondadır ki, sertifikasiya imtahanlarında öz ixtisası üzrə minlərlə müəllim kəsildiyi halda, biz orta məktəbi yenicə bitirən şagirddən 5–6 fənn üzrə, bütün mövzuları əhatə edən qəbul imtahanında yüksək nəticə gözləyirik. Bu yanaşma nə pedaqoji, nə də psixoloji baxımdan əsaslandırıla bilər. Reallıq ondan ibarətdir ki, yuxarı sinif şagirdləri və onların valideynləri bu prosesdə ciddi əziyyət çəkirlər. Birincisi, maliyyə baxımından repetitor xərcləri ailələr üçün böyük yükə çevrilir. İkincisi isə, uşaqların demək olar ki, istirahət vaxtı qalmır. Bir hazırlıqdan çıxıb digərinə gedən abituriyentlər həm fiziki, həm də psixoloji cəhətdən yorulurlar".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, son zamanlar təhsil ictimaiyyətində və ekspert dairələrində belə bir fikir tez-tez səsləndirilir ki, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbul imtahanlarında fənlərin sayını azaltmalı, eyni zamanda sualların çətinlik səviyyəsini daha da sadələşdirməlidir. Bu yanaşmanın əsas məqsədi abituriyentlər üzərindəki psixoloji yükü azaltmaq, imtahan prosesini daha anlaşılan və ədalətli etmək, həmçinin orta təhsil proqramı ilə qəbul imtahanları arasındakı uyğunsuzluğu minimuma endirməkdir.
Ekspert qeyd edib ki, bu problemin aradan qaldırılması üçün müəyyən tənzimləyici mexanizmlər tətbiq edilməlidir.