Qış mövsümü ilə birlikdə hava şəraitinin sərtləşməsi orqanizmin müdafiə qabiliyyətinə birbaşa təsir göstərir. Mütəxəssislərin fikrincə, bu dövrdə düzgün qidalanma immunitetin zəifləməsinin qarşısını almaqda əsas rol oynayır. Xüsusilə vitamin və minerallarla zəngin qidaların gündəlik rasionda yer alması vacib sayılır.
“Yeni Sabah” xəbər verir ki, araşdırmalara görə, meyvə və tərəvəzlərin müntəzəm qəbulu infeksion xəstəliklərin riskini azaldır, eyni zamanda ürək-damar və maddələr mübadiləsi ilə bağlı problemlərə qarşı qoruyucu təsir göstərir. Qış aylarında kələm, gülkələm, turp, balqabaq, sarımsaq və şirin kartof kimi tərəvəzlərə üstünlük verilməsi tövsiyə olunur.
Həkim-terapevtlər bildirir ki, soyuq aylarda zülal balansı xüsusilə önəmlidir. Süd məhsulları, yumurta, balıq və ət immun sisteminin möhkəmlənməsinə kömək edir. Bundan əlavə, yay mövsümündən hazırlanan kompot və mürəbbələr də vitamin ehtiyacının qarşılanmasında faydalıdır.
Mütəxəssislər qışda portağal, naringi, kivi, nar, alma və xurma kimi mövsümi meyvələrin daha çox istehlak edilməsini məsləhət görürlər. Bildirilir ki, sağlam qalmağın əsas şərti mövsümə uyğun qidalanmaq, ağır yeməklərdən uzaq durmaq və fiziki aktivliyi azaltmamaqdır.
Əsmətxanım
Telegram kanalımız