AZ

31 Dekabr bizim üçün milli birliyin və dövlətçilik iradəsinin rəmzidir » AzadMedia.az



Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı

Dünya azərbaycanlılarının həmrəyliyi günü Azərbaycan xalqının milli şüurunun, azadlıq iradəsinin və dövlətçilik ideallarının parlaq təcəssümüdür. Bu əlamətdar gün təkcə təqvim bayramı deyil, həm də dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlını eyni ideya ətrafında birləşdirən milli-mənəvi dəyərdir. 31 Dekabr həm tarixi yaddaşın, həm də gələcəyə inamın rəmzi kimi artıq xalqımızın həyatında möhkəm yer tutub.
Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, Dünya azərbaycanlılarının həmrəyliyi günü qədim və zəngin tarixə malik xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirir, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edir. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız üçün bu gün inam və ümid anıdır. Çünki onların milli-mənəvi varlığını yaşadan, qoruyan və gücləndirən yeganə siyasi mərkəz müstəqil və suveren Azərbaycan dövlətidir.
Bu bayramın tarixi kökləri 1991-ci ilin dekabrına təsadüf edir. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə tarixi qərar qəbul olundu. Bu təşəbbüs qısa müddət ərzində dövlət səviyyəsində dəstəkləndi və dekabrın 25-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən müvafiq qanun qəbul edildi. Beləliklə, 31 Dekabr bütün azərbaycanlılar üçün rəsmi bayram gününə çevrildi.
Həmrəylik gününün ideoloji əsasları Sovet imperiyasının süqutu ərəfəsində baş verən tarixi hadisələrlə sıx bağlıdır. Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, Şimali və Cənubi Azərbaycan arasında süni sədlərin dağıdılması xalqımızın bir millət, bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu yürüşlər azərbaycanlıların birləşmək arzusunun, milli birlik və bərabərlik istəyinin simvoluna çevrildi. Məhz həmin tarixi ruh 31 Dekabrın Həmrəylik Günü kimi təsis olunmasına mənəvi zəmin yaratdı.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı olan Ulu Öndər Heydər Əliyev bu bayramı təsis etməklə diasporumuzun ideoloji cəhətdən birləşməsinə nail oldu. O, xarici ölkələrə etdiyi səfərlər zamanı proqramının gərginliyinə baxmayaraq, mütləq şəkildə soydaşlarımızla görüşür, onların problemləri ilə maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə bu gün də hər bir azərbaycanlının milli qürur manifesti kimi səslənir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü sübut edir ki, Azərbaycan xalqı harada yaşamasından asılı olmayaraq, bir ideya, bir amal və bir dövlət ətrafında birləşməyə qadirdir.
Yeni ilimiz və həmrəyliyimiz mübarək olsun!
Seçilən
73
1
azadmedia.az

2Mənbələr