AZ

Daşınmaz əmlak bazarında ucuzlaşma ola bilər

Son vaxtlar mənzil bazarında qiymətlərin sürətlə artması alıcıların marağını xeyli azaldıb. Bir çoxları hesab edir ki, bu qədər yüksək qiymətlərlə satışların davam etməsi çətindir və bazar gec-tez buna reaksiya verəcək. Elə buna görə də cəmiyyətdə növbəti ildən etibarən mənzil qiymətlərinin ucuzlaşa biləcəyi ilə bağlı fikirlər dolaşır. Bəs bu gözləntilər nə dərəcədə realdır? Növbəti ildən mənzil qiymətləri necə dəyişəcək? Rieltor İsmayıl Vəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, təzə tikililərdə qiymətlərin ciddi şəkildə ucuzlaşacağını gözləmək real görünmür: “Çünki bu binaları inşa edənlərin əksəriyyəti layihələri bank kreditləri hesabına həyata keçirir. Banklar isə verdikləri vəsaitin geri qaytarılmasında maraqlıdır və bu səbəbdən qiymətlərin kəskin endirilməsinə imkan yaranmır. Ona görə də yeni tikililərdə ucuzlaşma olsa belə, bu yalnız cüzi həddə ola bilər”. İ.Vəliyevin fikrincə, qiymətlərin aşağı düşməsi ehtimalı əsasən köhnə binalarda mümkündür: “Bu seqmentdə təxminən 10–15 faiz civarında ucuzlaşma müşahidə oluna bilər. Bahalaşmadan sonra bazarda durğunluq yaranır, çünki alıcı baha qiymətə almaq istəmir, satıcı isə ucuz qiymətə satmağa razılaşmır. Həyət evlərində isə əksinə, müəyyən qədər bahalaşma ehtimalı var. Sənədləşmə proseslərinin nisbətən asanlaşması bu tip daşınmaz əmlaka marağı artırır və bu da qiymətlərə cüzi artım şəklində təsir göstərə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
43
1
metbuat.az

2Mənbələr