AZ

ABŞ-İsrail-İran üçbucağında müharibə anonsu verildi.... Qorxunc ssenari...


İran ballistik raket və ya nüvə silahı proqramlarını bərpa etməyə başlayarsa, ABŞ bu ölkəyə daha bir böyük zərbəni dəstəkləyə bilər. Bunu ABŞ prezidenti Donald Tramp deyib. O, HƏMAS-ı tərksilah olmazsa, təşkilatı ağır nəticələrlə bağlı xəbərdar edib.

Qeyd edək ki, Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Burada o deyib ki, Tehran ABŞ-nin iyundakı genişmiqyaslı zərbəsindən sonra silah proqramlarını bərpa etməyə çalışa bilər: “Onların hara getdiklərini, nə etdiklərini dəqiq bilirik. Ümid edirəm ki, bunu etmirlər, çünki B-2 təyyarəsinə yanacaq sərf etmək istəmirik”. Xatırladaq ki, iyun ayındakı ABŞ zərbələrini B-2 bombardmançı təyyarələri endirmişdi. Tramp onu da deyib ki, Netanyahu ilə Qəzzada kövrək sülh razılaşmasını irəli aparmağı, İsrailin İran və Livandakı “Hizbullah”la bağlı narahatlıqlarını müzakirə ediblər. bir daha xatırladaq ki, İran iyunda İsraillə 12 günlük müharibə aparıb. Bundan sonra İran mümkün yeni savaşla bağlı hərbi potensialını artırmağa, xüsusən də raket proqramını təkmilləşdirməyə başlayıb. Ötən həftə Tehran bu ay ikinci dəfə raket təlimləri keçirdiyini açıqlayıb. Netanyahu isə deyib ki, İsrail İranla qarşıdurma istəmir, amma yayılan məlumatlardan xəbərdardır. Bu arada İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani Donald Trampın İrana güc tətbiqi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O qeyd edib.ki, İrana qarşı hər hansı təcavüz sərt və dərhal cavabla nəticələnəcək: “İranın müdafiə doktrinasında bəzi cavab tədbirləri hələ təhdid reallaşmamışdan əvvəl müəyyən edilir. İranın raket və müdafiə imkanları nəzarətə tabe deyil və icazə tələb etmir. Hər bir təcavüz, təşkilatçılarının təsəvvüründən kənara çıxan dərhal və sərt cavabla qarşılanacaq”. İsrail rəsmiləri və analitiklərinin fikrincə, Tehran iki ölkə arasında 12 günlük münaqişədən sonra raket arsenalını sürətlə yenidən qurur və gələcəkdə eyni vaxtda 2000 raket buraxmağı hədəfləyir. Qeyd olunur ki, İran İsrail hücumlarında zədələnmiş gücü bərpa etmək məqsədilə altı ay ərzində zavodları "fasiləsiz" işləyərək geniş miqyaslı ballistik raket istehsalını bərpa edib. İsrailin yüksək vəzifəli hərbi rəsmisi Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında İranın raket qabiliyyətlərini sürətlə bərpa etdiyi barədə xəbərdarlıq edib.

Qərb diplomatları son həftələrdə Tehranın ötən il İsrailin İranda ballistik raket istehsalı üçün vacib olan “planetar qarışdırıcıları” hədəf almasından sonra bərpa prosesini sürətləndirməyə çalışdığı ilə bağlı narahatlıqlarını ifadə ediblər. İsrailin ən böyük media təşkilatlarından biri olan “Yedioth Ahronoth” qrupuna məxsus məşhur xəbər saytı olan “Ynet”in məlumatına görə, Tehran köhnə yanacaq istehsalı metodlarına qayıdıb. Beynəlxalq Böhran Qrupunun İran layihəsi direktoru Əli Vaez bildirib ki, İran rəsmiləri ona raket zavodlarının gündə 24 saat işlədiyini və yeni bir müharibə başlayarsa, hazırda hər 12 gündə buraxdıqları 500 raket əvəzinə birdən 2000 raket buraxmağa ümid etdiklərini deyib. Bu fonda İran Fars körfəzində İnqilab Keşikçiləri Qvardiyasının genişmiqyaslı dəniz təlimi keçirdiyini açıqlayıb. Məlumata görə, təlimlərdə 2000 kilometr mənzilli kruiz və ballistik raketlər, eləcə də kamikadze dronlardan istifadə olunub. Təlim zamanı üç hava hücumundan müdafiə sistemi elektron müharibə şəraitində yerləşdirilib. İran mediasının məlumatına görə, süni intellektdən istifadə edərək bu sistemlər hava və dəniz hədəflərini daha sürətli və yüksək dəqiqliklə aşkar edib və vurub. Təlimin ilk günündə İran dəniz qüvvələri iddialara görə ərazidəki Amerika gəmilərinə xəbərdarlıq edib və aydın bir mesaj çatdırıb. Lakin mesajın məzmunu məlum deyil və ABŞ qüvvələri heç bir şərh verməyib. Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun “İran və Şiə Oxu” tədqiqat proqramının direktoru Raz Zimat 12 günlük münaqişədən sonra İran və İsrail arasındakı mövcud vəziyyəti son dərəcə qeyri-sabit adlandırır və əlavə edir ki, hər iki tərəf münaqişəni nəzarətli şəkildə idarə edir. Zimat bildirib ki, İsraili narahat edən iki ssenari var: “Birincisi, tərəflərin səhv hesablama aparması - bu, daha az ehtimal olunur. Lakin daha çox ehtimal olunan ssenari İranın uranın zənginləşdirilməsini bərpa etmək istəməsidir”. Tədqiqatçının sözlərinə görə, İsrailin İranın ballistik raket proqramını yenidən başlatmasına necə reaksiya verəcəyi və bunu hansı məqamda “qırmızı xətt” hesab edəcəyi bəlli deyil. Ballistik raket proqramından fərqli olaraq, uranın zənginləşdirilməsinin bərpası, nüvə silahlarının əldə edilməsi istiqamətində atılan addımlar və ya İsrail hücumlarında dağıdılmış nüvə obyektlərində basdırıldığı iddia edilən təxminən 440 kiloqram 60 faizə qədər zənginləşdirilmiş uranın geri alınması cəhdləri İsrailin hərbi reaksiyasına səbəb ola bilər. Qərb diplomatlarının fikrincə, Tehran hazırda nüvə proqramını sürətlə inkişaf etdirməyə çalışmır; onun prioriteti ballistik raket proqramını dirçəltməkdir. ABŞ və İsrail rəsmilərinin fikrincə, bu proqram potensial münaqişənin gedişatını kəskin şəkildə dəyişə bilər.

Tahir TAĞIYEV

Seçilən
20
baki-xeber.com

1Mənbələr