AZ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Praqada təntənəli mərasim keçirilib

Praqa, 30 dekabr, AZƏRTAC

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanın Çex Respublikasındakı səfirliyi tərəfindən Praqada təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim Çexiyanın Praqa, Brno, Karlovı-Varı, Plzen və digər şəhərlərində yaşayan Azərbaycan diasporu nümayəndələrinin, tələbələrin və səfirliyin kollektivinin iştirakı ilə keçirilib.

Mərasimin açılışında səfir Yaşar Əliyev çıxış edərək milli kimliyimiz, milli birliyimiz olan Azərbaycançılıq ideyası haqqında danışıb, bu ideyanın tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvəti olduğunu bildirib. O, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin müstəsna səyləri ilə ölkəmizdə dövlətçilik ideologiyası kimi formalaşıb-yetkinləşmiş bu ideyanın hazırda müxtəlif ölkələrdə yaşayan dünya azərbaycanlılarının da milli-mənəvi birliyinin və həmrəyliyinin əsasını təşkil etdiyini vurğulayıb.

Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamətində böyük uğurların əldə olunduğunu, Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşaması üçün əməli addımların atıldığını vurğulayıb. Xarici ölkələrdə yaşayan həmyerlilərimizin ölkəmizin təbliği istiqamətində daha da səfərbər olmalarının vacibliyini qeyd edib.

Azərbaycançılıq ideyasının təbliğinin dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykəndiyini qeyd edən səfir, müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli və dini tolerantlıq kimi amillərin ölkəmizin uğurlarını şərtləndirən əsas amillər olduğunu diqqətə çatdırıb və mərasim iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Mərasim zamanı Çexiyada yaşayan azərbaycanlı fəallar səfirlik tərəfindən təltif olunub. Praqada yaşayan soydaşımız Vəfa Aşumova Çex Respublikasında Azərbaycan incəsənətinin - kukla sənətinin və milli geyimlərin təbliği ilə bağlı göstərdiyi xüsusi fəallığa görə və Brno şəhərində yaşayan soydaşımız Emin Rəsulzadə Çex Respublikasında Azərbaycan diasporunun təşkilatlanması işində göstərdiyi fəallığa görə təşəkkürnamə və hədiyyə ilə təltif olunublar. Diaspor fəalları çıxışları zamanı yüksək diqqətə və etimada görə öz təşəkkürlərini ifadə edib və Azərbaycan naminə fəaliyyətlərini bundan sonra da daha böyük həvəslə davam etdirəcəklərini bildiriblər.

Sonra mərasim Praqadakı Azərbaycan Mədəniyyəti Evinin rəhbəri Leyla Begim tərəfindən hazırlanmış mədəni proqramla davam edib. Proqram zamanı Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeri oxunub, Azərbaycan incəsənətinin görkəmli simalarının mədəni diplomatiyasının nümunələrini əks etdirən suallardan ibarət viktorina keçirilib. Viktorinanın qaliblərinə səfirlik tərəfindən hədiyyələr təqdim edilib.

Daha sonra mərasim iştirakçılarına İRS jurnalının ən son buraxılışları paylanılıb, milli musiqimizin sədaları altında ziyafət təqdim olunub.

 
Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
54
2
azertag.az

3Mənbələr