Naxçıvan, 30 dekabr, AZƏRTAC
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan Dövlət Milli Dram Teatrında sosial qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının nazirlikləri, dövlət komitələri və digər aidiyyəti qurumların rəhbər və məsul şəxslərinin iştirak etdiyi tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bayram tədbirində Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, bu cür tədbirlərin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların bayram əhval-ruhiyyəsini yüksəltmək və cəmiyyətin diqqətini onlara yönəltməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində bayram şənlikləri təşkil edir. Naxçıvan Muxtar Respublikasında keçirilən bu tədbir də həmin silsilə bayram proqramlarının tərkib hissəsidir.
Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə muxtar respublikada yaşayan sosial qayğıya ehtiyacı olan 300 nəfər uşağa Yeni il hədiyyələri təqdim olunub.
Daha sonra M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının hazırladığı “Sehrli xurcun” adlı Yeni il tamaşası nümayiş etdirilib.