Bakı, 30 dekabr, Tamilla Məmmədova, AZƏRTAC
Ermənistan–ABŞ əməkdaşlığı ilə bağlı olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin proqramı hələlik Ermənistanın rəsmi strateji gündəliyində əksini tapmayıb.
Bu barədə AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında erməni ekspert İşxan Verdyan Aİ–Ermənistan Tərəfdaşlıq Şurasının Brüsseldə keçirilmiş altıncı iclasının qərarlarına münasibət bildirərkən deyib.
Onun fikrincə, bu, layihənin hələlik yekun təsdiqlənmiş formatının olmaması ilə bağlıdır.
Ekspertin sözlərinə görə, TRIPP, eyni zamanda geosiyasi, kommunikasiya xarakterli və əsasən də şəxsi layihədir ki, bu da dövlət maraqlarını beynəlxalq və özəl biznes təşəbbüslərindən ayırmağı son dərəcə çətinləşdirir. Proqramın icrası üçün layihənin fəaliyyət göstərəcəyi Ermənistan–ABŞ birgə strukturunun yaradılması planlaşdırılır.
İ.Verdyan qeyd edib ki, TRIPP-in birbaşa xatırladılması əvəzinə Ermənistan hakimiyyəti “Sülhün kəsişməsi” konsepsiyasını irəli sürür. Onun fikrincə, bu konsepsiyanın formulu ictimai rəyin formalaşdırılmasına yönəlib və eyni zamanda gələcək təşəbbüslər üçün manevr imkanları saxlayır. Lakin ekspert hesab edir ki, burada açıq ziddiyyət mövcuddur: “Eyni vaxtda həm sülhü bəyan etmək, həm də Azərbaycana müəyyən tələblər irəli sürmək mümkün deyil”.
İ.Verdyan vurğulayıb ki, ümumilikdə yaranmış vəziyyət Ermənistanın hazırkı rəhbərliyində siyasi aydınlığın çatışmadığını, daxili maraqlar, beynəlxalq ambisiyalar və ayrı-ayrı siyasi fiqurların şəxsi layihələri arasında balansın təmin edilməsinin çətinliyini nümayiş etdirir.