Bakı, 30 dekabr, Tamilla Məmmədova, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının mandatının 2027-ci ilə qədər uzadılması regionun real ehtiyaclarını deyil, daha çox bu mandatın erməni siyasi isteblişmenti daxilində formalaşmış davamlı qavrayışını əks etdirir.
Bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında erməni ekspert İşxan Verdyan Brüsseldə keçirilmiş Aİ–Ermənistan Tərəfdaşlıq Şurasının altıncı iclasının qərarlarını şərh edərkən bildirib.
O qeyd edib ki, İrəvanın mövqeyi həlledici amil olaraq qalır.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Azərbaycanla sülh dialoqunun lap əvvəlindən danışıqlarda istənilən irəliləyişi açıq şəkildə məhz Avropa müşahidəçilərinin mövcudluğu ilə əlaqələndirib. Bu baxımdan, İ.Verdyanın fikrincə, erməni rəhbərliyi həmin dövrdə daxili dəstəyin çatışmazlığı səbəbindən öz diplomatik addımlarını faktiki olaraq xarici qüvvələrin payına yazıb.
Ekspert, həmçinin vurğulayıb ki, erməni cəmiyyətində müşahidə missiyasının mümkün münaqişənin qarşısını ala biləcəyinə dair inam hələ də qalmaqdadır. O, bu təsəvvürü illüziya adlandırıb.