2026-cı ili qarşılamağımıza artıq sayılı günlər qalıb. Geridə qoymağa hazırlaşdığımız 2025-ci il Azərbaycan cəmiyyəti üçün təkcə ictimai-siyasi hadisələrlə deyil, həm də mədəniyyət, kino, ədəbiyyat və publisistika cameəsində yaşanan ağır itkilərlə yadda qaldı.
Bu il ərzində Azərbaycan sənətinin, söz dünyasının, teatr və ekran mədəniyyətinin tanınmış simaları, ictimai fikir adamları bir-birinin ardınca əbədiyyətə qovuşdu. Onların hər biri öz sahəsində iz qoymuş, milli yaddaşımızın bir parçasına çevrilmiş insanlardır.
Musavat.com 2025-ci ildə vəfat etmiş tanınmış şəxslərin siyahısını və onların həyat yoluna qısa nəzəri oxuculara təqdim edir:
2025-ci ilin ilk ağır itkisi yanvarın 5-də qeydə alındı. Gənc yaşına baxmayaraq, Azərbaycan kino və serial sənayesində özünəməxsus obrazları ilə tanınan aktyor Azər Baxşəliyev 39 yaşında dünyasını dəyişdi. Onun ölümünə böyrək çatışmazlığı səbəb olmuşdu.
Yanvarın 15-də daha bir acı xəbər yayıldı. Aktrisa Çimnaz Sultanova bağırsaq xərçəngi səbəbilə 43 yaşında vəfat etdi. Səhnədə və ekranda canlandırdığı obrazlarla yadda qalan aktrisanın erkən itkisi Azərbaycan kino ictimaiyyətini sarsıtdı.
Martın 16-da Azərbaycan mədəniyyəti daha bir görkəmli sənətkarını itirdi. Xalq artisti Ənvər Həsənov uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişdi. O, onilliklər boyu milli kino və teatr tarixində öz dəsti-xətti olan aktyorlardan biri kimi tanınırdı.
İyulun 24-də ictimai-siyasi həyatın tanınmış simalarından biri, Azərbaycan Sosial Rifah Partiyasının keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat etdi. O, uzun illər ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etmişdi.
Avqust ayı isə xüsusilə ağır itkilərlə yadda qaldı. Avqustun 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında dünyasını dəyişdi. Onun muğam sənətinə verdiyi töhfələr, yetişdirdiyi tələbələr Azərbaycan musiqi tarixində silinməz iz buraxıb.
Avqustun 3-də Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat etdi. O, təkcə nasir və dramaturq kimi deyil, həm də ictimai fikir adamı kimi tanınırdı. Qeyd edək ki, mərhum yazıçı görkəmli dramaturq İlyas Əfəndiyevin oğlu idi və bu böyük ədəbi irsi layiqincə davam etdirmişdi.
Avqustun 16-da “Şöhrət” ordenli yazıçı Vidadi Babanlı dünyasını dəyişdi. Onun əsərləri Azərbaycan ədəbiyyatında öz fəlsəfi dərinliyi və həyatiliyi ilə seçilirdi.
Avqustun 19-da isə 85 yaşlı şair, publisist Məmməd İsmayıl ürək çatışmazlığı səbəbilə vəfat etdi. Onun publisistik yazıları və poeziyası uzun illər oxucuların düşüncə dünyasına təsir göstərib.
Sentyabrın 8-də Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev dünyasını dəyişdi. O, Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış sənətkarlardan biri idi.
Sentyabr ayının daha bir ağır itkisi sentyabrın 13-də baş verdi. Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Hacı Murad Yagizarov Almaniyada vəfat etdi. Onun nəşi sentyabrın 16-da Azərbaycana gətirildi, Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olundu. Aktyorun zəngin yaradıcılıq yolu teatr tariximizdə xüsusi yer tutur.
Sentyabrın 29-da Əməkdar artist Cabir İmanov infarkt səbəbilə 49 yaşında həyatını itirdi. Onun da vaxtsız ölümü sənət cameəsində dərin təəssüf hissi ilə qarşılandı.
Oktyabrın 3-də Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev 75 yaşında dünyasını dəyişdi. O, uzun illər səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışmışdı.
Oktyabrın 9-da Xalq artisti Əminə Yusifqızı 89 yaşında vəfat etdi. Onun səhnə yaradıcılığı bir neçə nəsil tamaşaçının yaddaşında qalıb.
Oktyabrın 15-də Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev 78 yaşında dünyasını dəyişdi. Onun tar ifaçılığı Azərbaycan milli musiqi məktəbinin ən parlaq nümunələrindən hesab olunurdu.
Noyabrın 11-də isə 96 yaşlı Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova dünyasını dəyişdi. O, Azərbaycan rəqs sənətinin canlı əfsanələrindən biri idi.
İlin son ağır itkilərindən biri noyabrın 18-də qeydə alındı. 66 yaşlı Əməkdar artist Yadigar Muradov vəfat etdi. Onun yaradıcılığı da milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur.
2025-ci il bu adlarla, bu itkilərlə Azərbaycan mədəniyyətinin yaddaşında qalacaq. Onların hər biri aramızdan getsə də, yaratdıqları irs, sənətləri və xatirələri xalqın yaddaşında yaşayacaq.