Bu ilin ikinci yarısında aparılan genişmiqyaslı elmi araşdırmalar uşaqlarda və yeniyetmələrdə telefon istifadəsinin ciddi sağlamlıq riskləri yaratdığını ortaya qoyub. Tədqiqatçılar xüsusilə 12 yaşından əvvəl uşaqlara telefon verilməsinin piylənmə və yuxu pozğunluqları riskini əhəmiyyətli dərəcədə artırdığını bildirirlər.
Milli.Az xəbər verir ki, Pensilvaniya Universitetinin uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssisi Ran Barzilay ABŞ-da 21 mərkəzdə 10 mindən çox uşaq üzərində aparılan araşdırmanın nəticələrini açıqlayıb.
Araşdırmaya əsasən, ilk telefonunu 12 yaşında alan uşaqlarda 13 yaşında telefon alanlarla müqayisədə yuxu pozğunluğu riski 60 faiz, piylənmə riski isə 40 faiz daha yüksək olub.
Mütəxəssislər bildirirlər ki, erkən yaşda ekranla tanışlıq yalnız fiziki deyil, zehni sağlamlığa da mənfi təsir göstərir. Uzunmüddətli ekran istifadəsi diqqətin azalmasına, idrak proseslərinin zəifləməsinə, yaddaş və öyrənmə performansının aşağı düşməsinə səbəb olur. Sosial mediadan həddindən artıq istifadə isə depressiya və narahatlıq hallarının artması ilə əlaqələndirilir.
Milli Səhiyyə İnstitutlarının yeniyetmələr üzərində apardığı araşdırma da diqqətçəkən nəticələr ortaya qoyub. Araşdırmaya görə, təkcə ekran qarşısında uzun vaxt keçirmək deyil, telefondan ayrıla bilməmək və istifadəni azalda bilməmək kimi asılılıq əlamətləri intihar düşüncələri və davranışlarının iki-üç dəfə artması ilə əlaqəlidir.
Mütəxəssislər valideynləri xəbərdar edərək bildirirlər ki, texnoloji cihazların tam qadağan edilməsi çıxış yolu deyil. Onların fikrincə, valideynlər öz davranışları ilə nümunə olmalı, uşaqların ekran vaxtını nəzarətdə saxlamalıdır. Qeyd olunur ki, gündəlik ekran vaxtının hətta bir saat azaldılması belə uzunmüddətli perspektivdə müsbət nəticə verə bilər.
Milli.Az