AZ

ABŞ-də qatar qəzası nəticəsində təhlükəli kimyəvi maddə sızıb

BAKI, 31 dekabr. TELEQRAF

ABŞ-nin Kentukki ştatında qatarın relsdən çıxması nəticəsində təhlükəli kimyəvi maddələrin sızması baş verib.

Teleqraf xəbər verir ki, "ABC News" telekanalının məlumatına görə, hadisə zamanı 31 vaqon relsdən çıxıb. Vaqonlardan ən azı birindən ərimiş kükürd sızıb və ərazidə yanğın baş verib. Yanğın sonradan söndürülüb.

Bildirilib ki, maddənin yanması zamanı zəhərli qazların əmələ gəlməsi ehtimalı olub. Bu səbəbdən yaxın ərazilərdə yaşayan sakinlər üçün müvəqqəti olaraq evdən çıxmamaqla bağlı göstəriş verilib.

“Şirkət sızan kimyəvi maddənin yanma zamanı toksik ola biləcəyini açıqlayıb. Lakin hadisə yerində aparılan hava keyfiyyəti analizləri hazırda vəziyyətin təhlükəsiz olduğunu göstərib”, – deyə məlumatda qeyd olunub.

Hava nümunələrinin yoxlanılmasından sonra tətbiq edilən izolyasiya rejimi ləğv edilib.

Qeyd edək ki, daha əvvəl Kaliforniya ştatında qaz partlayışı nəticəsində altı nəfər xəsarət almışdı. Noyabr ayında isə Nyu-Meksiko ştatında neft emalı zavodunda baş verən partlayış və yanğın zamanı üç nəfər yaralanmışdı.

Seçilən
41
teleqraf.com

1Mənbələr