AZ

Həmrəylik gününün təsis olunması ideoloji birliyə yol açdı

31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi

günüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da

Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının

həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edilib.

31 dekabr həmrəylik günü bayram kimi dünyanın

70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq,

onlar arasında birlik və həmrəylik yaratmaqda mühüm rol oynayır. Dünya azərbaycanlılarının

həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan

Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və

ideoloji həmrəyliyinə müvəffəq oldu.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən

Dünya azərbaycanlılarının I Qurultayı soydaşlarımızın milli mənlik şüurunun

güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və

fəallığının artmasına təsir göstərdi.  Bu

təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin

yeni bir istiqaməti idi.  Qurultaydan

sonra  2002-ci ildə xaricdəki

soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı və

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunu qəbul

edildi ki, bu da dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması

prosesini daha da gücləndirdi.

Milli həmrəylik Azərbaycanın beynəlxalq

nüfuzunun artmasına xidmət edir. Prezident İlham Əliyevin həyata keçirdiyi

uğurlu siyasət nəticəsində dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin

birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması

prosesi yeni mərhələdə daha da inkişaf etməkdədir. Prezident İlham Əliyevin də

qeyd etdiyi kimi, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri

ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycanla bağlı

olsunlar. Beləliklə, onlar özlərini daha rahat hiss edəcəklər.

Qeyd etmək lazımdır ki, xaricdə yaşayan azərbaycanlıların

diaspordan lobbiyə çevrilməsi istiqamətində atılan praktik addımların nəticəsini

torpaqlarımızın işğaldan azad olunması zamanı yaxından şahidi olduq. İstər

2020-ci ilin yayında Tovuz döyüşləri, istər Vətən müharibəsi, istərsə də

antiterror əməliyyatı zamanı xaricdə yaşayan soydaşlarımızın effektiv mübarizəsi

böyük Qələbəmizə əlavə töhfə verdi.

Son 5 ildə tam yeni reallıq formalaşıb.   2022-ci ilin aprel ayında Şuşa şəhərində

Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirildi. Böyük qələbədən

sonra  dünya azərbaycanlıları bir araya gəldi

və yeni dövr üçün yeni vəzifələr müəyyənləşdi.

Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan

icmaları fəaliyyətini uğurla davam etdirir. Aparılmış məqsədyönlü işlər nəticəsində

51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15

Koordinasiya Şurası, 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın

xarici ölkələrdə yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor

quruculuğu işinin uğuru kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, Türk

Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində diaspor fəaliyyətində yeni səhifə

açılır. TDT-yə üzv dövlətlərin Diaspor Məsələlərinə məsul Dövlət Qurumlarının Rəhbərlərinin

2 dekabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində

keçirilmiş 7-ci görüşündə 2026-cı il üçün “Diaspor üzrə Birgə Fəaliyyət Planı”

qəbul edilib. Bu da diaspor fəaliyyətinin güclənməsinə əlavə töhfə olacaq.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Seçilən
110
1
azerbaijan-news.az

2Mənbələr