Bakı Zooparkında heyvanlar artırılaraq qoruqlara təhvil verilir.
Bu barədə Zooparkın icraçı direktorunun müavini Azər Hüseynov Modern.az-a açıqlamasında məlumat verib.
O, Bakı Zooparkında panda kimi qeyri-adi heyvanın olmadığına aydınlıq gətirib. Deyib ki, panda Çinin milli mülkiyyəti hesab olunduğuna görə satılmır.
"Bu heyvanı asanlıqla əldə etmək mümkün deyil. Yalnız icarəyə götürmək olar. Hər bir panda üçün təxminən 500.000 – 1.000.000 ABŞ dolları illik icarə haqqı tələb olunur. Bu məbləğ 10 illik müqavilə əsasında hesablanır. Yemlənməsi də Çin mütəxəssislərinin təsdiqi ilə bambukla aparılır.
Məsələn, Moskva Zooparkında panda var. Zooparkımızın panda icarə etməsi üst qurumların qərarı ilə mümkündür".
A.Hüseynovun sözlərinə görə, Bakı Zooparkında adı "Qırmızı kitab"da olan heyvanlardan nəcib maral, qu quşu, qutan, qızıl qaz, ceyran bəslənilir.
"Heyvanların nəsil davamı çoxluq yaradanda təbiətə buraxılır. Nadir heyvanların artımlarını Qarabağ və Zaqatala qoruqlarına təhvil vermişik. Qayğısına qalırıq. Azalma təhlükəsi yoxdur. Balalamaya görə, hətta yerimiz bəs etmir. Şamaxı Safari Parkı ilə heyvan mübadiləsində əməkdaşlığımız var".
Zoopark rəsmisi deyib ki, heyvanların qida təminatı yüksək səviyyədə yerinə yetirilir. Tender yolu ilə, gigiyenik şəraitə riayət edən kəsim sexləri ilə rəsmi iş birliyi qurulub:
"Zoopark nəsli tükənməkdə olan heyvanların artırılması və təbiətə geri qaytarılması ilə məşğuldur. Həm də insanların təbiətlə tanışlığı və maarifləndirilməsi məqsədimiz var.
Gürcüstan, Rusiya, Özbəkistan, Qazaxıstan, Hindistan, Ukrayna, Almaniya, Çexiya, Slovakiya, İzraillə əməkdaşlığımız var.
Bakı Zooparkında müxtəlif qitələrdən heyvanların Azərbaycandakı iqlimə adaptasiya edilərək yaşaması mümkündür. Amur pələnginin yeri Şimal qütbüdür. Burada normal tərzdə bəsləyirik".