AZ

Özü hər şeyi DANIŞDI: Başçı müavini işdən çıxaranda nə deyibmiş? -FAKTLAR

Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncamla Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifəsindən azad olunub. O, bu vəzifədə cəmi 48 gün çalışıb. İndi hamını bir sual maraqlandırır. E.İbrahimov hansı səhvə yol verib ki, belə qısa müddətdən sonra etimadı itirib, işdən çıxarılıb. 
Müxtəlif versiyalar səsləndirilir: rüşvət almaq, kadr dəyişiklikləri sahəsində səhvə yol vermək və s.
E.İbrahimov Nəsimi rayonuna rəhbərlik etdiyi qısa müddətdə bir neçə kadr dəyişikliyi edib. Onlardan birı də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. O, 4 il idi bu vəzifədə çalışırdı.
Avtosfer.az xəbər verir ki, Ramiz Quliyev “Yeni Sabah”a müsahibəsində baş verənlərlə bağlı sualları cavablandırıb.
- Ramiz müəllim, Elxan İbrahimov Sizi vəzifədən azad edəndə bunu nə ilə əsaslandırdı?
- Dedi yollarımızı ayıraq. Mən də cavab verdim ki, ayıraq da.
- “Yollarımızı ayıraq” məsələsini necə əsaslandırdı?
- Mənə əlavə heç nə demədi. Axşam idi, dedi yolumuzu ayıraq, məsləhət belədi. Mən də dedim baş üstə. Mən dava edən deyiləm ki. Amma haqq yerini tapdı. Yazırlar ki, oradan-buradan pul alıb və s. Nəsə var ki, yazırlar da. İndi çıxıb əsas gətirsin görək məni niyə işdən çıxarıb? Bəlkə nəsə iş görmüşdüm?
- İşdən çıxarılmağınızla bağlı əmr tam olaraq hansı tarixdə verilib?
- Məni ayın 9-10-u çıxarıb. Məlumat bir qədər gec yayıldı.
- İşdən çıxarılmağınıza reaksiyanız necə oldu?
- Mən Hacı adamam, Allaha tapşırdım. Sağ olsun cənab Prezident, haqq yerini tutdu. Biz hardasa 18-20 gün bir yerdə işlədik. Mən 20 il Bakı Şəhər İcra Hakimiyyətində işləmişəm. 4 ildən çoxdur ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışam. Ondan da öncə Su İdarəsində işləmişəm. Mənim 60 yaşım var. Özüm idmançı olmuşam. 2019-cu ildə Prezident tərəfindən “İdmanda fərqlənməyə görə” diplomu ilə təltif olunmuşam. Belə pis olsaydım, cənab Prezident məni təltif etməzdi. Allah bilən məsləhətdir.
- Bəs Elxan İbrahimovun 48 gündən sonra vəzifədən azad olunmasını necə qiymətləndirirsiniz?
- Vallah bu haqda bir söz deyə bilmirəm. Bəlkə başqa məsələlər var, bilmirəm. Burda yox idim. İstanbula dincəlməyə getmişdim. Dedim beynim bir az açılsın.
- Beyniniz açıldımı?
- Xeyli vaxt idi istirahət etmirdim. Beynim yaxşı açıldı.
- İstirahətə görə yoxsa sizi vəzifədən azad edən Elxan İbrahimovun işdən çıxarılması xəbərindən?
- Haqq-ədalətin öz yerini tutacağına əmin idim. Siz mənim yerimdə olsaydınız, necə edərdiniz? Durduğum yerdə gecə vaxtı çağırıb deyir ki, ərizəni yaz çıx. Belə halla üzləşən adamın bunu edənə münasibəti necə olar? Mən həyatda insanlığımla, adamlığımla yaşayıram.
- Gecə vaxtı deyəndə yəni iş bitən vaxtı deyirsiniz?
- Bəli.

Seçilən
29
3
avtosfer.az

4Mənbələr