AZ

“Eşitmə məhdudiyyətli şəxslərin hüquqları dövlət siyasətinin ayrılmaz hissəsidir” - QHT sədri

"Bu il eşitmə məhdudiyyətli şəxslər üçün ölkəmizdə həyata keçirilən mühüm qərarlar və əldə olunan nailiyyətlərlə yadda qaldı. Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində işarət dilinin şifahi ünsiyyət tələb olunan sahələrdə tanınması, televiziya kanallarında xəbərlərin işarət dili ilə part-time formatda yayımlanması eşitmə məhdudiyyətli şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunması istiqamətində tarixi əhəmiyyət daşıyan addımlar oldu".

Bu fikirləri “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az -a bildirib. Onun sözlərinə görə, Dövlət başçısının sosial siyasətinin bariz nümunəsi olaraq Deflimpiyaçılarımızın Tokio şəhərində qazandıqları uğurlar yüksək qiymətləndirildi. Xüsusilə eşitmə məhdudiyyətli idmançımız Coşqun Əliyevin cənab Prezident tərəfindən medalla təltif olunması bu sahəyə göstərilən diqqət və ehtiramın ən ali göstəricisidir. Bu qərar təkcə bir idmançının deyil, bütövlükdə eşitmə məhdudiyyətli icmanın əməyinə və iradəsinə verilən dəyərin ifadəsidir:

"Eyni zamanda, bir çox eşitmə məhdudiyyətli gənclərimizin kollec və ali təhsil müəssisələrinə qəbul olunması Prezidentimizin inklüziv təhsil siyasətinin real nəticəsi kimi dəyərləndirilir və bizlər üçün böyük qürur mənbəyidir. Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım ictimai birliyi olaraq cənab Prezident İlham Əliyevə eşitmə məhdudiyyətli şəxslərin hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə tam inteqrasiyası istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımlara görə dərin təşəkkürümüzü bildiririk".

QHT sədri həmçinin bilidirib ki, gələn ilin də bu diqqət və qayğının davamı olaraq daha məhsuldar olacağına inanır:

"Ən əsas arzularımızdan biri eşitmə məhdudiyyətli körpələrimiz üçün nəzərdə tutulan uşaq bağçasının təmirinin başa çatdırılması və istifadəyə verilməsidir. Bununla yanaşı, eşitmə məhdudiyyətli şəxslərin təhsili və işlə təmin olunması məsələlərinin də dövlət siyasətində prioritet olaraq qalacağına ümid edirik. İnanırıq ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial siyasət nəticəsində ölkəmizdə daha ədalətli, inklüziv və güclü cəmiyyət formalaşacaq".

Seçilən
27
qht.az

1Mənbələr