AZ

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əksər insanlar Yeni il və digər bayramları içki içərək qeyd edirlər. Əksər süfrələrdə bayram axşamı, bayram günü alkoqollu içkilər yer alır. Azərbaycan müsəlman ölkəsidir.Bəs bayramlarda, Yeni ildə alkoqollu içkilər içərək bayramı qeyd etmək günah sayılırmı?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslamın mövqeyi burada çox aydındır: “Qurana görə içki haramdır. Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) içkini qadağan edib və alimlər bu mövzuda əsrlərdir eyni mövqedədirlər. Bu hökm müsəlman üçün dəyişmir. Amma reallıq da var. İçki içən insanlar onu təkcə yeni ildə yox, ilin hər günü içirlər. Bizim bu gecə “halal–haram” deməyimiz onların həyat tərzini dəyişmir. Dəyişən bir şey varsa, o da cəmiyyətdə gərginlik olur”.

İlahiyyatçı bildirib ki, əgər bir müsəlman özü içki içmirsə, bu da onun haqqıdır və hörmət olunmalıdır: “Əgər kimsə içki içirsə, bu da onun məsuliyyətidir və bunun hesabını Allah qarşısında özü verəcək. Burada əsas olan insanların bir-birinə hörmətlə yanaşmasıdır. Din insanları bir-birinə düşmən etmək üçün yox, bir-birini anlamağa çağırmaq üçün gəlib.

Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır. Kimisi bunu dua ilə keçirir, kimisi ailəsi ilə sakit söhbətlə, kimisi də fərqli şəkildə. Din bu müxtəlifliyi nəzərə alır. Əsas ölçü odur ki, insan bu dəyişimin içində vicdanını, imanını və başqasının haqqına hörmətini itirməsin”.

İlahiyyatçı bildirib ki, yeni il nə ibadətdir, nə də avtomatik günah: “Yeni il bir zaman nöqtəsidir. Bu nöqtəni insan necə yaşayırsa, onun mənası da elə formalaşır. Din isə bu mənanı düz tutmağa kömək edən yol xəritəsidir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
50
bizimyol.info

10Mənbələr