Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti 2025-ci il ərzində yerli və xarici müştərilərə çatdırılan məhsulların statistikasını açıqlayıb.
MKE-dən “Poliqon”a bildirilib ki, bununla şirkət başda Türkiyə Silahlı Qüvvələri olmaqla, beynəlxalq tərəfdaşlarına yüksək keyfiyyətli və effektiv məhsullar təqdim edərək sektora və ölkəyə töhfə verməyə davam edir.
2025-ci ildə müştərilərə çatdırılıb:
95 milyon ədəddən çox yüngül silah sursatı;
990 min ədəddən çox raket, partlayıcı və ağır silah sursatı;
2950 ədəddən çox aviasiya bombası;
17 min ədəddən çox yüngül silah;
450 ədəddən çox ağır silah və silah sistemləri.
Şirkət “Effektiv-Sadə-Ucuz” prinsipi ilə istehsalı olmayanı istehsal etmək, özünəməxsus dizaynlarla öz sistemlərini inkişaf etdirmək məqsədilə 2025-ci ildə 25 yeni tədqiqat-inkişaf layihəsini həyata keçirib.
MKE bir il ərzində, 18-i ölkə daxilində və 15-i xaricdə olmaqla ümumilikdə 33 sərgi və tədbirdə yüksək mühəndislik imkanları ilə hazırladığı məhsulları ilə iştirak edib.
“Millî gücümüzə güc qatmaq üçün 384 yeni dəzgah, istehsal xətti və obyekt üzrə investisiya planımızı icra etdik.
Bu investisiyalar sayəsində 2025-ci il “Defence News Top100” siyahısında keçən ilə nisbətən 4 pillə yüksələrək, 1.2 milyard ABŞ dolları dövriyyə ilə 80-ci sırada qərarlaşdıq.
Xalqımızın dəstəyini hər zaman hiss etdik. Sosial media hesablarımızda 900 mindən çox izləyici sayına çatdıq. Tariximizi yüksək texnologiyalı məhsullarımızla birləşdirən MKE İmalât-ı Harbiye Muzeyində 1 il ərzində 30 mindən çox ziyarətçini qəbul etdik”, – deyə MKE tərəfindən qeyd edilib.