AZ

KFC-dən məhsul almaq istəyənlərə XƏBƏRDARLIQ – Elə bir şey etdilər ki…

Xəbər verdiyimiz kimi, müştəri məmnuniyyəti ilə bağlı tez-tez tənqidlərə məruz qalan beynəlxalq fast-food restoranlar şəbəkəsi KFC bu dəfə də sosial şəbəkələrdə yayılan narazılıq videosu ilə gündəmə gəlib. Belə ki, evə çatdırılma xidməti vasitəsilə sifariş verən müştəriyə təqdim olunan toyuğun yanmış, qaralmış və istifadəyə yararsız vəziyyətdə olduğu iddia olunur. Video qısa müddətdə geniş yayılaraq ictimai müzakirələrə səbəb olub.

Paylaşımı edən müştəri bildirib ki, ona təqdim olunan məhsul həm keyfiyyətsiz olub, həm də sağlamlıq üçün potensial təhlükə daşıyır. Onun sözlərinə görə, bu cür halların təkrarlanması KFC kimi tanınmış brendə olan etimadı ciddi şəkildə sarsıdır və nəzarət mexanizmlərinin yetərli olmadığını göstərir.

Məsələ ilə bağlı qida eksperti mövqeyi də maraq doğurur.

Qida təhlükəsizliyi üzrə ekspert Zahid Xəlilov NOCOMMENT.az-a bildirib ki, bu cür hallar təkcə istehlakçı narazılığı deyil, eyni zamanda ictimai sağlamlıq baxımından ciddi risklər yaradır:

“Toyuğun həddindən artıq yanması və ya qaralması düzgün bişmə texnologiyasının pozulduğunun göstəricisidir. Belə məhsulların tərkibində kanserogen maddələrin yaranma ehtimalı artır. Xüsusilə yüksək temperaturda uzun müddət bişirilmiş və ya yandırılmış ət məhsulları insan sağlamlığı üçün təhlükəli hesab olunur”.

Ekspertin sözlərinə görə, fast-food restoranlarında əsas risklərdən biri də standartların bütün filiallarda eyni səviyyədə qorunmamasıdır:

“Beynəlxalq şəbəkələr adətən ciddi qaydalar tətbiq edir, lakin icra mərhələsində nəzarət zəif olduqda bu cür hallarla rastlaşırıq. Bu, həm mətbəx işçilərinin peşəkarlığı, həm də daxili nəzarət sistemlərinin effektivliyi ilə birbaşa bağlıdır”.

Qida eksperti əlavə edib ki, istehlakçılar belə hallarla qarşılaşdıqda yalnız sosial şəbəkələrdə paylaşım etməklə kifayətlənməməli, eyni zamanda aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlamalıdırlar:

“Qida Təhlükəsizliyi Agentliyinə edilən müraciətlər nəticəsində həmin obyektlərdə yoxlamalar aparıla bilər. Bu, həm digər istehlakçıların qorunması, həm də restoranların məsuliyyətinin artırılması baxımından vacibdir”.

Qeyd edək ki, son illər KFC də daxil olmaqla bir sıra restoran şəbəkələri ilə bağlı keyfiyyət, xidmət və məhsul təhlükəsizliyi mövzusunda müxtəlif şikayətlər səsləndirilir. Mütəxəssislər hesab edirlər ki, brendlərin bazardakı mövqeyini qoruması üçün müştəri məmnuniyyəti və qida təhlükəsizliyi məsələlərinə daha həssas yanaşması zəruridir.

Seçilən
18
nocomment.az

1Mənbələr