Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Publika.az xəbər verir ki, P.Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.
Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.