“2025-ci il 1991-ci ildən bəri Azərbaycanla atışma nəticəsində ölüm və ya yaralanmanın olmadığı ilk təqvim ilidir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Yeni il bayramı münasiibətilə xalqa müraciətində belə deyib. “2024-cü ilin mart ayından bəri, yəni 22 aydan çoxdur ki, Ermənistan-Azərbaycan sərhədində heç bir itki olmayıb.
Bu, təsadüf deyil, Ermənistan xalqının, yəni sizin 2021-ci il növbədənkənar seçkilərində hökumətə və parlament çoxluğuna həvalə etdiyiniz strategiyanın nəticəsidir. Bu strategiya “ Real Ermənistan” ideologiyasında ifadə olunur və erməni xalqının tarixini öyrənmək və yenidən düşünmək, gizli mənaları axtarmaq və bu bilikləri gerçək həyatda tətbiq etmək üçün yeni yanaşmalarla bağlıdır. 2021-ci ildə biz “Gələcək var!” dedik.
Bu gün biz “Gələcək bu gündür”deyirik. Bu gün biz sizin, Ermənistan Respublikasının vətəndaşlarının 2021-ci ildə səs verdiyi gələcəkdə yaşayırıq. 2025-ci il dinc gələcəyin ilk tam təqvim ilidir. Biz yalnız “Real Ermənistan” ideologiyasını formalaşdırmaqla kifayətlənmədik, həm də Ermənistan Respublikasını real dünyada fəaliyyət göstərən real dövlətə çevirdik.
Bizi türkpərəst və azərbaycanpərəst olmaqda ittiham edirdilər. Halbuki bizim vəzifəmiz bölgəni və ətrafı öz gözlərimizlə görmək və tanımaq, tarixən əsaslandırılmış qorxularımızın müstəqilliyimizi məhdudlaşdırmaq üçün istifadə edilməsinə yol verməmək. Biz bu məqsədimizə çatdıq: Ermənistan Respublikası bu gün əvvəlkindən daha müstəqil, suveren və təhlükəsizdir”.
Paşinyan deyib ki, regionda tarixi dəyişikliklər baş verir:
“Müstəqillikdən bəri ilk dəfə olaraq dəmir yolları Azərbaycan vasitəsilə Ermənistana yük daşıyır, ikitərəfli ticarətin ilk əlamətləri görünür və böyük miqdarda məhsul alışı qeydə alınır.
Bu, yeni tarix, yeni dünyadır. 8 avqust 2025-ci ildə Ağ Evdə keçirilən sammitdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Bəyannamə imzalandı. Bunu həmçinin Prezident Tramp da imzalayıb. Xarici işlər nazirlərimiz əvvəlcədən “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş imzalayıblar.
Sazişin mətni hələ 2025-ci ilin mart ayında razılaşdırılıb. Bundan əvvəl, 2024-cü ilin avqust-oktyabr aylarında iki ölkənin baş nazirinin müavinləri sərhəd demarkasiyası komissiyalarının birgə işi haqqında əsasnamə imzaladılar və bu əsasnamə sonradan hər iki ölkədə təsdiqləndi və ən yüksək hüquqi qüvvəyə malik oldu. Bu, Ermənistan və Azərbaycan arasında ikitərəfli münasibətlər formatında imzalanmış və təsdiqlənmiş ilk ikitərəfli sənəddir və bu sənəd sülhün təməl daşına çevrilib.
Bu, keçmiş Sovet respublikalarının inzibati sərhədləri boyunca hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan dövlət sərhədinin demarkasiyası prinsipini təsbit edir.
Başqa bir formul sonsuz qanlı mübahisələrə səbəb olardı. Məhz buna görə də 2025-ci ilin mart ayında Qarabağ hərəkatının davam etməməsinin vacibliyini elan etdim. Burada əsas məqam nə bunun, nə də 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatının güzəşt kimi təqdim edilməməsidir. Onlar Ermənistan Respublikasının şüurlu və real maraqları üçün həyati əhəmiyyət kəsb edirdi.
Bizi birtərəfli güzəştlərə getməkdə ittiham edirdilər. Əslində isə heç bir güzəştə getmədik, dövlətin maraqlarını, onun sabitliyini qoruyurduq. “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi geosiyasi tələyə düşənlərin düşüncə tərzini əks etdirir. Əslində, dövlətin və vətəndaşların düşüncəsi deyir:
“Ermənistan Respublikası bizim deyildi, indi bizimdir”,-Paşinyan belə deyib.