Medianın İnkişafı Agentliyinin layihəsi
Artıq bir həftədir ki, Misli Premyer Liqasında qış fasiləsi başlayıb. Çempionat 2026-cı ilin yanvarın 23-də 17-ci turun matçları ilə bərpa olunacaq. Elita təmsilçiləri mövsümün ilk yarısını necə keçirdi, hansı klub nə ilə yadda qaldı? Bu suallarla Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadova müraciət etdik. Təcrübəli mütəxəssis qeyd etdi ki, “İmişli”, “Sumqayıt” və “Şamaxı” öz oyunu ilə çempionatın gərginliyini artırıb:
“İmişli” öz meydanında oynamır. Hər tur onlar səfərə çıxır ki, bu da ağır bir durumdur. Belə vəziyyətdə oyunçuları hazırlamaq, onlara istirahət vermək çox çətin olur. Amma “İmişli” doğrudan da çempionata bir rəng qatdı. Yaxşı futbolçuları var. Məncə, yarışa yeni qoşulsalar da, yaxşı yerlərdən birini tuta bilərlər.
“Şamaxı” az büdcəsinin olmasına baxmayaraq, öz oyunu ilə diqqəti cəlb edir. Təbii ki, burada baş məşqçi amili var. Həm də klub rəhbərliyi Ayxan Abbasova inanır. Bu isə əsas amillərdəndir.
“Sumqayıt”da əvvəlki illərdən fərqli olaraq əcnəbilər də var. Yaxşı oyunçulardır. Deyərdim ki, artıq bu komandanın öz oyunu var. Baş məşqçi futbolçularının güclü tərəflərindən düzgün istifadə edə bilir.
“Qarabağ” həmişəki kimi öz oyununu oynayır. Yəni Çempionlar Liqasında da heç vaxt öz oyun üslubundan əl çəkmir. Mən hələ görməmişəm ki, “Qarabağ” məğlub olduğu görüşdə belə, rəqibinə oyunu ilə uduzsun. Bəzi səhvlər oldu ki, bu da qaçılmazdır. Səhvsiz oyun olmur. Amma biri var ki, rəqib səni səhv etməyə məcbur etsin, biri də var ki, mövqe səhvi. “Ayaks”la oyunun sonlarında təcrübəli oyunçularımız adi səhvlər etdi. Bu uduzmaq “Qarabağ”a psixoloji təsir göstərdi. Yəni daxili çempionatda bunu hiss etdik. Qış fasiləsinin yaranması onlar üçün faydalı olacaq.

Ağasəlim Mircavadov
Qış fasiləsinə lider kimi yollanan “Sabah” son 7-8 oyunu çox yüksək səviyyədə keçirdi. Yəni əvvəlki oyunlardan kəskin fərqlənir. Deməli, rəhbərlik məşqçi seçimi düzgün edib. Görürük ki, “Sabah”ın özünəməxus oyunu var. Cinahlarda sürətli oyunçular çıxış edir. Komanda bir-birini yaxşı başa düşür. Kollektiv şəkildə dinamik oynaya bilirlər. Ardıcıl qələbələr bunların sayəsindədir. Düzdür, hazırlıq prosesi az olacaq, amma yenə də bu müddət ərzində futbolçuları həmin tonusda saxlamaq vacibdir. Bunları da baş məşqçinin düzgün məşq prosesi və nizam intizamla həyata keçirmək olar.
“Zirə” mövsümün əvvəlindən yaxşı oynayırdı. Amma komandada zədələr çox tez baş verdi. Əsasən də hücum xəttində itkilər oldu. Baş məşqçi Rəşad Sadıqov dəyişikliklər etməyə məcbur olurdu. Məncə, zədəlilər olmasa idi, “Zirə” daha yuxarı pillədə olardı. Çünki görürük ki, komandanın oyunu var. Baş məşqçi istədiyi oyunu oynada bilir. Deyərdim ki, mübarizə hələ qabaqdadır. Əvvəlki illərdə “Qarabağ” qış fasiləsinə böyük xal fərqi ilə lider kimi yollanırdı. İndiki halda isə fərqli mənzərədir.
“Turan Tovuz” çempionata yaxşı başladı. Amma oyunçularının az olmasına görə komandanın oyun ritmi dəyişdi və vacib xallar itirdi. “Turan Tovuz” haqqında danışanda çox vaxt baş məşqçini tənqid edirlər, deyirlər ki, bu nə oyundur. Amma Kurban Berdıyev çox təcrübəlidir. O, oyun zamanı hər şeyi nəticə qazanmağa hesablayır. “Rubin”də və “Rostov”da uğurları olub. “Kayrat”la (Qazaxıstan) da çempion oldu. Yəni harda çalışıbsa, birinci yer uğrunda mübarizə aparıb. Məlum şeydir ki, keyfiyyətli oyunçuları var idi. “Turan Tovuz”da isə istənilən qədər belə futbolçular yoxdur.
“Kəpəz”də həmişə yaxşı oyunçular olub. Yenə də orda yerli oyunçular yetişir. Əfsuslar olsun ki, komanda uzun müddətdir ki, stadionla bağlı çətinlik çəkir. “Kəpəz” xeyli vaxtdır ki, stadiona görə Azərbaycanı gəzir. Burda oynayır, orda məşq edir. Bildiyimə görə, yazda “Kəpəz” öz meydanına qayıdacaq. Bundan sonra hamı komandadan yaxşı yerlər uğrunda mübarizə istəyəcək. Amma tək stadionla iş bitmir. Klubun yaxşı sponsoru da olmalıdır. Gəncə böyük şəhərdir. Əcnəbi futbolçular ora gələ bilər. Bu mövsümün ilk hissəsində məşqçi dəyişikliyi oldu. Ona görə də qeyri-sabit çıxış etmələri başadüşüləndir. Qış fasiləsindən sonrakı mərhələni izləyək görək necə olur.
“Araz-Naxçıvan” mövsümün əvvəlində liderlər qrupunda idi. Sonrada nəsə oyunçular arasında istək olmadığını gördüm. Son oyunda komanda qalib gəlsə də, Elmar Baxşıyev istefaya göndərildi. Hər klub rəhbərinin öz fikri var. Çoxları əcnəbi məşqçiyə meyillidir.
Qəribədir ki, bizdə əcnəbi məşqçiyə şans verirlər, amma yerliləri isə hər an istefaya göndərə bilirlər. Niyə? Amma yerli mütəxəssislərə inanmaq lazımdır. Burda çox nüanslar var, amma belə olmaz. Cavan məşqçilərimiz var, onlara güvənməliyik. Hazırda 12 komandadan 6-da əcnəbi məşqçi çalışır. “Araz-Naxçıvan”ın da əcnəbi mütəxəssislə anlaşdığı deyilir. Ukraynalı Andrey Demçenko gətiriləcək.
A.Mircavadov qeyd edib ki, “Araz-Naxçıvan”ın hazırda qərarlaşdığı mövqe elədir ki, komandanın nəticəsinin yaxşı olmadığını demək olmaz: “Sanki “Araz-Naxçıvan”ın futbolçularında istək bir qədər az idi. Hazırda elə də pis mövqedə deyillər. Komanda 6-cıdır və 3-cü pillədə qərarlaşan “Zirə” ilə aralarında cəmi 2 xal fərq var. Son oyunda da qalib gəldilər. Deməli, klub qərar verib ki, istənilən halda baş məşqçi göndəriləcək. Çox heyf ki, klublarımız yerli məşqçiyə güvənmirlər. Artıq 12 klubdan 7-də əcnəbi mütəxəssis çalışacaq".
“Neftçi” mənim istəkli komandamdır. Mən o klubda doğulmuşam. Orada oynamışam, işləmişəm. “Neftçi”nin sabiq oyunçuları mənim kimi bu klubla nəfəs alırlar. “Neftçi”nin yaxşı futbolçuları olub, onların da fikirlərindən istifadə etmək lazımdır. Son 5-6 ildə görün “Neftçi”də neçə dəfə baş məşqçi dəyişikliyi olub. Belə tez-tez məşqçi dəyişikliyinin heç bir xeyri olmur. Hər məşqçinin öz futbol fəlsəfəsi var. Çox qəribədir ki, xarici məşqçilər gələn kimi xeyli oyunçu dəyişikliyi olur. Sual olunur ki, niyə? Çox maraqlıdır”.
A.Mircavadov komandanın yeni baş məşqçisi Yuri Vernidub haqda da danışıb: “Vernidub “Şerif”də uğur qazananda 11 futbolçunun hamısı əcnəbi idi. Mən isə istəyirəm ki, bura gələn əcnəbi məşqçilər yerli oyunçulara da fikir versinlər. Yerli oyunçunu milli səviyyəsinə qədər qaldırmaq hər məşqçi üçün şərəflidir. Həm də vacibdir. Amma biz görürük ki, xeyli sayda əcnəbi oyunçu gətirilir və onlarda istifadə olunur. Bəli, əcnəbilər də olmalıdır, amma az olsun, keyfiyyətli olsun. Onların bizə ziyanı yoxdur. Əksinə faydalı olarlar. Əgər yerli futbolçularımız onlardan nəsə öyrənə bilsələr. Komandanın hamısı xarici oyunçu olsa, külək gələndə hər şeyi necə silib aparırsa, futbolçular da elə dağılacaq. Çünki kök yoxdur. Biz də isəyirik ki, “Neftçi” əvvəlki vəziyyətinə gəlsin. Əgər “Neftçi” öz imicini qaldırmaq istəyirsə, “Qarabağ” kimi avrokuboklarda oynamalıdır. “Qarabağ” Portuqaliyanın 2-ci liqasından oyunçuları gətirir və onların necə inkişaf etdiyini görürük. İndi onların çoxuna xarici klublardan təkliflər var. Çünki klub avrokuboklarda müntəzəm çıxış edir. Bu da bir biznesdir.
“Qəbələ”də də müəyyən bir oyun sistemi var. Dəfələrlə görmüşəm ki, oyun baxımından heç bir rəqibdən geri qalmırlar. Baş məşqçi Kaxaber Sxadadze Azərbaycanda çox işləyib və çempionatımıza yaxşı bələddir. Ancaq onların da oyunçuları azdır. Yeni transferlər olmasa, “Qəbələ”nin işi çətin olacaq. Rəhbərlik bu haqda düşünməlidir.
“Karvan-Yevlax”da da bayaq qeyd etdiyim çətinliklər var. Komandanın günü ancaq yollarda keçməməlidir. Həm də onlarda da baş məşqçi dəyişikliyi oldu. Təbii ki, istəyərdik ki, Yevlax futbolsuz qalmasın. Uzun fasilədən sonra Premyer Liqaya qayıdıblar. Məncə, qış fasiləsindən yaxşı yararlana bilsələr, mövsümün ikinci hissəsində oyunlarında dönüş yarada bilərlər”.
A.Mircavadov sonda qeyd edib ki, bu mövsüm Misli Premyer Liqasında daha çox - 12 klubun çıxış etməsi yarışa rəngarənglik qatsa da, müəyyən çətinliklər də ortaya çıxdı: “12 klubun olmağı bizi çox sevindirdi. Biz həmişə istəyirdik ki, çempionatda klub sayı artsın. Buna görə də AFFA-ya təşəkkür edirik. Amma mən gözləyirəm ki, yenə də klub sayı artsın. Daha iki komanda çempionatımıza gəlsə, yaxşı olar. Lakin şərtlər olmalıdır. Lisenziyalaşdırmada göstərilməlidir ki, klubun mütləq stadionu olsun. “İmişli” 5 aydır ki, orda-burda oynayır. Hamı “Karvan-Yevlax”ın süni ot örtüyündən şikayət edir. Bu şərtlər olmalıdır. Eyni zamanda işıqlandırma da vacibdir. Bölgələrimizin əksəriyyətində yayda havalar isti keçir. Ona görə də oyunların axşam saatlarında keçirilməsi vacib olur. Klubların bazasının olması da şərt kimi göstərilməlidir. Çünki oteldə qalmaqla komanda olmur”.
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
