
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) hesab edir ki, Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətinin Valday şəhərindəki iqamətgahına hücuma cəhd etməyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsi belə qənaətə gəlib ki, Ukrayna pilotsuz təyyarələri dekabrın 29-na keçən gecə Putinin iqamətgahı ilə eyni bölgədəki hərbi obyektə hücum etməyə cəhd edib, lakin bu obyekt onun yaxınlığında yerləşmir:
“ABŞ kəşfiyyatı Rusiyanın hava məkanını və onun ərazisindəki hücumları, o cümlədən peyklər və radarlardan istifadə edərək izləyə bilər.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff kəşfiyyat məlumatlarını ABŞ Prezidenti Donald Trampa çatdırıb. Bundan qısa müddət sonra Tramp sosial media hesabında Ukraynanın Putinin iqamətgahına hücum etmədiyini bildirən “New York Post” qəzetinin paylaşımına keçid yerləşdirib. Tramp linki “Putinin səs-küylü “hücum” iddiaları Rusiyanın sülhə mane olduğunu göstərir” başlığı ilə müşayiət edib”.
MKİ şərh verməkdən imtina edib.