AZ

Prezidentin çıxışı Müzəffər Liderin simasında xalqımızın məğrur obrazının dünyaya uğurlu təqdimatı idi - ŞƏRH

Bakı, 1 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədər xalqa ənənəvi təbrik müraciəti bu dəfə öz orijinallığı ilə seçildi. Müraciətin ən önəmli amil olan xalq-iqtidar birliyi ilə başlaması olduqca yerində idi. Bu amil mövcud dünya reallıqlarında xarici olduğu qədər daxili siyasət üzrə də aktivləşdirilən məsələlər üzərindən, dövlətlərin mövcudluq üzrə vermiş olduğu mübarizə baxımından olduqca önəmlidir. Dövlət başçımızın “Biz yeni müharibəyə hazırlaşmırıq” niyyətimizi ifadə etməsi ilə güclü olmaq reallığı arasında olduqca sayıq yanaşma ortaya qoyması təqdirəlayiqdir. Məhz bu yanaşma praqmatik siyasət, proaktiv addımlar, aydın vizyon, dünya siyasətini dərindən dərk etmək deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

“Qısa, lakonik, bir o qədər də məğrur çıxışın ümumi notları Azərbaycan xalqının xarakteri əsas tutulmaqla məhz bu xarakterin, onun keyfiyyətlərinin əks etdirilməsi üzərində qurulmuşdu desək, yanılmarıq. Azərbaycan xalqının əbədi olaraq fəxr edəcəyi Qələbənin, şanlı Zəfərimizin beşinci ildönümünü arxada qoyarkən həm də hesabat xarakterli olan bu fəxarət dolu çıxış gələcəyə aydın vizyon, konkret proqram təqdim etdi. Danılmaz faktdır ki, dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Azərbaycan bu prosesdə müşahidəçi, ya da iştirakçı mövqedə dayanmır. Biz həm də təşəbbüs göstərən aktoruq. Xaricdən aldığımız silah və texnika ilə yanaşı, yerli istehsalın da Ordumuzun potensialına əlavə edilməsi bu əməli işdə öz sözünü dedi. Xüsusi Təyinatlı Qüvvələrin, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibinin, bütövlükdə Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması beynəlxalq reallığı nəzərə alınaraq həyata keçirilir. Ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə etməyimiz BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında baş verdiyi kimi, Azərbaycanın təqdim və tətbiq etdiyi sülhyaratma konsepsiyası da bütün bəşəri dəyərlərə və hüquqi normalara cavab verir”, - deyə o vurğulayıb.

Politoloq bildirib ki, müraciət bir neçə istiqamət üzrə xüsusi əhəmiyyətə malikdir: “Xüsusilə o məqam önəmlidir ki, Müzəffər Ali Baş Komandan bütün dünya azərbaycanlılarının pənah gətirəcəyi Liderdir, Vətənimiz, dövlətimiz isə hər bir azərbaycanlıya qucaq açacaq qədər güclüdür. Dünyada yaşayan bütün azərbaycanlıların taleləri bizim üçün önəmlidir, qiymətlidir. Deməli, Müzəffər Liderimiz sadəcə Azərbaycanda yaşayan insanlar üçün deyil, bütün dünyaya səpələnmiş hər bir azərbaycanlının Lideri, yol və istiqamət göstərənidir. Prezidentin çıxışı bir daha göstərdi ki, biz Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu uzaqgörən, dərin siyasət üzrə inkişaf edirik və “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik” konsepsiyasını həqiqətən də Lider və Xalq olaraq icra edirik. “Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur” müdrik ifadəsi yanaşmamız və dünya siyasəti baxımından son dərəcə önəmli və zəruri idi”.

Ş. Həsənovanın sözlərinə görə, çıxış həm ötən dövrə nəzər yetirilməsi, mövcud hərbi, siyasi, iqtisadi vəziyyətimiz nəzərə alınmaqla reallıqlarla ayaqlaşmaq, eyni zamanda Azərbaycanın niyyəti və bu niyyətimizin regiona gətirəcəyi perspektivlər baxımından olduqca maraqlı, regional və qlobal mətbuat üçün kifayət qədər məzmunlu, təhlil xarakterli idi.

“Zəfərin beşinci ildönümü ilə bağlı Silahlı qüvvələrəmizin gücünü artırması ilə istənilən vəzifənin icrasına hazır olmamığımız bir daha diqqətə çatdırıldı. “Biz yeni müharibəyə hazırlaşmırıq” niyyəti ilə güclü olmaq reallığı arasındakı incə fərqi müdrik Liderimiz məharətlə, ustalıqla bir daha diqqətə çatdırdı. Zəfərimizi beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək işinin öhdəsindən uğurla gəlmişik, biz artıq yeni yola çıxmışıq. Bu yol yalnız Azərbaycanı deyil, bütövlükdə Cənubi Qafqazı dünya arenasına təqdim edir. Bu inkarolunmaz reallıqda sözün seçilərək məğlub edilmiş Ermənistana sülh əlinin uzadılmasının, Minsk Qrupunun tarixə göndərilməsinin vurğulanması da olduqca yerində idi. Paraflanmış sülh müqaviləsi xalqımızın böyüklüyünün, siyasətimizin müdrikliyinin nəticəsi və təzahürüdür. Ərazi bütövlüyümüzün bərpası əsas vəzifəmiz idi ki, biz bunu dünyaya da qəbul etdirə bildik. Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Çoxşaxəli xarici siyasətimiz isə davamlı şəkildə uğurla icra olunur. Minsk Qrupunun tarixi arxivə qovuşması ilə Qarabağ münaqişəsini beynəlxalq gündəlikdən tamamilə çıxartmağımız, D8-in ilk yeni üzvünün Azərbaycan olması, vaxtilə həsrət qoyulduğumuz, şər yuvasına çevrilən indi isə beynəlxalq tədbirlərə evsahibliyi edən Xankəndidə ECO-nun zirvə görüşünün, Qəbələdə ailəmiz olan Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün keçirilməsi reallaşan uğurlardan diqqətçəkənləri olsa da, bunlarla məhdudlaşmayan xarici siyasətimiz və yanaşmamız, ən önəmlisi, işə qarışmağa, diktə etməyə, yuxarıdan aşağıya baxmağa icazə vermir. Bunun üçün biz iradə ortaya qoymuşuq. Belə cəhdlərin heç bir mənası olmadığı qədər, təzyiq üçün vasitə də yoxdur. Prezident İlham Əliyevin bu çıxışı Zəfərimizin təntənəsi, Müzəffər Liderimizin simasında isə xalqımızın xislətinin və məğrur obrazının dünyaya uğurlu təqdimatı idi”, - deyə politoloq fikirlərini tamamlayıb.

Şəbnəm Həsənova

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq

Seçilən
89
azertag.az

1Mənbələr