AZ

"Amerika əsri" bitdi: ABŞ çoxqütblü dünyaya uyğunlaşır" - "Do Rzeczy" (Polşa)

 
"ABŞ qlobal hökmranlıq ambisiyalarından geri çəkilərək milli maraqların qorunmasına köklənir..."
 
ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası Vaşinqtonun onilliklər boyu sürdüyü qlobal hegemonluq kursundan şüurlu, lakin gecikmiş şəkildə imtina etdiyini nümayiş etdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "Do Rzeczy" nəşri yazıb.
 
Qlobal hökmranlıqdan praqmatizmə keçid
 
Yeni Strategiya ABŞ-ın artıq özünü dünya nizamının dəyişməz mərkəzi kimi görmədiyini açıq şəkildə ortaya qoyur. Donald Tramp administrasiyasının hazırladığı sənəddə qlobal müdaxilələrə, "demokratiya ixracı"na və ideoloji xarakterli xarici siyasətə son qoyulur.
 
Bu zaman praqmatizmə, milli maraqların müdafiəsinə və daxili dayanıqlığın gücləndirilməsinə üstünlük verilir. Sənəddə vurğulanır ki, ABŞ yalnız birbaşa təhlükə yaradan məsələlərə müdaxilə etməli, digər ölkələrin daxili proseslərini isə strateji maraqlar prizmasından qiymətləndirməlidir.
 
Hegemonluğun baha başa gələn mirası
 
Məqalədə qeyd olunur ki, "soyuq müharibə"dən sonra aparılan müharibələr və rejim dəyişiklikləri ABŞ-a trilyonlarla dollara, minlərlə insan itkisinə və cəmiyyətin dərin psixoloji yorğunluğuna səbəb olub. 
 
İraq, Əfqanıstan və Liviyadakı müdaxilələr Amerika üçün nə sabitlik, nə də real strateji qazanc gətirib. Yeni Strategiya bu kursu açıq şəkildə səhv hesab edir və bildirir ki, qlobal liderlik iddiası əslində Amerikanın öz iqtisadi əsaslarını, sənaye potensialını və orta təbəqəsini zəiflədib.
 
Avropa, NATO və dəyişən prioritetlər
 
Strategiya Avropanı iqtisadi durğunluq, demoqrafik böhran və suverenliyin Brüsselə ötürülməsi fonunda sərt tənqid edir, NATO-nun davamlı genişlənməsinin isə ABŞ maraqlarına uyğun olmadığını bildirir.
 
Sənəd Vaşinqtonun diqqətini Qərb yarımkürəsinə yönəltdiyini açıq şəkildə göstərir: sərhəd təhlükəsizliyi, miqrasiya, narkotik kartelləri və Latın Amerikasındakı təsirlər artıq periferik deyil, birbaşa milli təhlükəsizlik məsələsi kimi təqdim olunur.
 
Müəllif son olaraq vurğulayır ki, əgər Tramp bu strategiyaya sadiq qalsa, "Amerika əsri" qəti şəkildə sona çatır və ABŞ öz gücünü bundan sonra hərbi ekspansiya ilə deyil, rasional seçim, iqtisadi dayanıqlıq və daxili sabitliklə ölçməyə çalışacaq.
Seçilən
44
1
moderator.az

2Mənbələr