Yeni il gecəsi Berlində polis 400-ə yaxın şəxsi saxlayıb, bu zaman hüquq-mühafizə orqanının 20-dən çox əməkdaşı xəsarət alıb.
Moderator.az xəbər verir ki, bu barədə polisin məlumatlarına istinadən "Tagesspiegel" məlumat yayıb.
Nəşrin məlumatına görə, yanvarın 1-nə keçən gecə naməlum şəxslər polis əməkdaşlarına fişənglər vasitəsilə dəfələrlə hücum ediblər. Bu hadisələr zamanı azı 24 polis əməkdaşı xəsarət alıb. Ümumilikdə Almaniya paytaxtında asayişin qorunması, o cümlədən pirotexniki vasitələrdən istifadə ilə bağlı pozuntuların qarşısının alınması üçün hüquq-mühafizə orqanının 4 300-ə yaxın əməkdaşı prosesə cəlb olunub.
Berlin polisi qeyd edib ki, çox sayda hücum və həbsə baxmayaraq, Yeni il gecəsi ümumilikdə nisbətən sakit keçib.
Yeni il gecəsi polis əməkdaşlarına hücumlar Almaniyanın digər şəhərlərində də baş verib. DPA xəbər agentliyinin məlumatına görə, Hamburqda azı on polis əməkdaşı xəsarət alıb, Leypziqdə isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar atılıb.