AZ

İsveçrədə dağ kurortunda yanğın: 40 nəfər həlak olub - VİDEO

Kran-Montana, İsveçrə – Yeni il gecəsi İsveçrənin cənub-qərbində yerləşən Kran-Montana dağ kurortunda faciəvi yanğın baş verib. Kurortdakı Le Constellation barında başlayan yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, 100 nəfər isə xəsarət alıb. Polis ilkin ehtimallara görə, yanğının səbəbi bayram fişənglərinin alışması ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə “dw.com” nəşri məlumat yayıb.

Hadisə 1 yanvar gecə saat 01:30-da barın zirzəmisində tüstünün görünməsi ilə başlayıb və alov sürətlə yayılıb. Əvvəlcə partlayış xəbərləri yayılsa da, polis bunu təkzib edib.

Xilasetmə əməliyyatına 10 helikopter və 40 təcili yardım maşını cəlb olunub. Əməliyyatda 150 həkim və xilasedici iştirak edib. Ən yaxın xəstəxananın reanimasiya şöbəsi dolub. Kurort üzərində uçuşlara qadağa qoyulub.

Valais kantonunun baş prokuroru Beatrice Pillud bildirib ki, hadisənin terror aktı olması üçün heç bir əsas yoxdur.

Barın Instagram və Facebook səhifələri hadisədən sonra silinib. İnteryerin əsasən taxta elementlərdən ibarət olduğu qeyd olunur.

İsveçrə Prezidenti Guy Parmelin yeni il müraciətini təxirə salaraq hadisə yerinə yollanıb. O, faciəni “sevinc anının dəhşətə çevrilməsi” kimi qiymətləndirib.

Həlak olanların və yaralıların ailələri üçün xüsusi qaynar xətt fəaliyyət göstərir.

Almaniyada fişənglə bağlı faciələr

Yeni il gecəsi Almaniyada da fişənglərlə bağlı ağır hadisələr qeydə alınıb:

  • Bilefeld şəhərində iki yeniyetmə həlak olub.
  • Berlinin Marzan bölgəsindəki travmatologiya klinikasına 25 nəfər müraciət edib, onların arasında barmaq amputasiyaları olan uşaqlar da var.
  • Leypsiqdə 16 yaşlı qız icazəsiz fişəng yandırmaq istəyərkən barmaqlarını itirib.

Almaniyada fişənglərin istifadəsinə yalnız 31 dekabr və 1 yanvar tarixlərində icazə verilir. Bu səbəbdən hər il yeni il gecəsi xəsarət alanların sayı artır. Ötən il fişənglər nəticəsində 5 nəfər həyatını itirmişdi.

 

Seçilən
84
1
moderator.az

2Mənbələr