AZ

Dörd klub Antalyada, biri Əbu-Dabidə, qalanları Bakıda...

Dekabrın 22-də keçirilən “Sumqayıt” - “Sabah” oyununun ardından premyer-liqada qış fasiləsi başladı. İndi elita klubları üçün keçilən yola nəzər salmaq və zəif mövqeləri müəyyənləşdirmək vaxtıdı.

Təbii ki, mövsümün ikinci hissəsinə hazırlıq planı da qurulmalıdı. Bəs elita təmsilçiləri harda və necə hazırlaşacaq?

“Qarabağ”. Toplanış yanvarın 3-də start götürəcək. Ağdamlılar ayın 10-na qədər qədər Bakıda olacaq, daha sonra toplanışı bir həftə Antalyada davam etdirəcəklər. Yanvanın 12-si və 16-na adı hələ ki məlum olmayan iki komanda ilə yoxlama oyunları keçirmək planlaşdırılır.

“Sabah”. Hazırlıq yanvarın 5-də Bakıda başlayacaq. “Bayquşlar” bir və ya iki yoxlama oyunu keçirəcək. Rəqiblər və digər informasiya açıqlanmayıb.

“Zirə”. Qəsəbə təmsilçisinin hazırlıq planı, demək olar ki, “Qarabağ”la eynidi. “Qartallar” yanvarın 3-10-u arasında Bakıda, 10-17 arasında Antalyada olacaqlar. Onlar da Türkiyədə iki yoxlama oyunu keçirməyi planlaşdırır.

“Turan Tovuz”. Tovuzlular yanvarın 4-də Türkiyəyə yollanacaq. Antalyanın Bələk bölgəsində məskunlaşacaq komanda yanvarın 18-nə orda hazırlıq keçəcək. Kurban Berdıyev də iki yoxlama oyunu keçirməyi planlaşdırır.

“Sumqayıt”. Saşa İliçin komandası da toplanışa Antalyada start verəcək. Yanvarın 3-dən 17-nə qədər bu şəhərdə olacaq “kimyaçılar” 9-da “Paksi” (Macarıstan), 12-də “Belqrad” (Serbiya), 16-da “Osiyek” (Xorvatiya) ilə yoxlama oyunu
keçirəcək.

“Araz-Naxçıvan”. Baş məşqçi Elmar Baxşıyevi istefaya göndərən klubun hazırlıq planı bəllidi. Ukraynalı mütəxəssis Andrey Demçenko planları dəyişməsə, Muxtar Respublika təmsilçisi yanvarın 5-də Bakıda təlim-məşq toplanışına başlayacaq. İki yoxlama görüşü planlaşdırılır.

“Şamaxı”. Ayxan Abbasovun komandasının toplanışı da Bakıda olacaq. Yanvarın 4-dən 18-nə kimi paytaxtda olacaq “şirlər”in yoxlama oyunu barədə hələ ki məlumat yoxdu.

“Neftçi”. Ukraynalı mütəxəssis Yuri Vernidubla yola davam edən “ağ-qaralar” təlim-məşq toplanışına Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində başlayacaq. Üç yoxlama oyunu keçirəcək komandanın rəqiblərindən biri məlumdu. Söhbət Qazaxıstan “Kayrat”ından gedir. Xatırladaq ki, Almatı təmsilçisi hazırda Çempionlar Liqasında mübarizə aparır.

“İmişli”. Yanvarın 5-dən 17-nə kimi Bakıda təlim-məşq toplanışı keçirəcəklər. İki yoxlama oyunu planlaşdırılsa da, rəqiblərin kimliyi dəqiqləşməyib.
“Kəpəz”. Baş məşqçi Azər Bağırov bu barədə “Futbol+”ə məlumat verib. Onun dediyinə görə, yerli futbolçular 3-də, legionerlər isə 5-nə qədər toplanışa başlayacaq. Hazırlıq Gəncədə olacaq. Gəncəlilər əsas iki rəqibi ilə yoxlama oyunu keçirmək niyyətindədi. Belə ki, yanvarın 10-da Qəbələdə “Qəbələ”yə, 17-də isə Yevlaxda “Karvan-Yevlax”la yoxlama görüşü olacaq. Qəbələdəki oyun hava durumuna görə ləğv oluna, ya da başqa vaxt keçirilə bilər.

“Qəbələ”. Kaxaber Sxadadzenin futbolçuları ikimərhələli toplanış keçəcək. Yanvarın 3-dən 13-dək Qəbələdə, 14-dən 18-dək Bakıda. “Kəpəz”dən başqa iki komanda ilə də yoxlama görüşü keçirmək nəzərdə tutulur.

“Karvan-Yevlax”. Komanda təlim-məşq toplanışını Yevlaxda keçirəcək. Yanvarın 3-də hazırlığa başlayacaq Yevlax təmsilçisinin oynayacağı rəqiblərdən yanlız biri bəllidi, o da “Kəpəz”di.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
119
21
football-plus.az

10Mənbələr