Berlin, 2 yanvar, AZƏRTAC
Ötən il Almaniyaya 62 min 526 qanunsuz giriş halı qeydə alınıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu rəqəm 2024-cü ildə 83 min 572, 2023-cü ildə isə 127 min 549 olub. Həmin dövrdə bəzi aylarda polis əməkdaşları 20 mindən çox şəxsi saxlayıblar. 2025-ci ilin dekabrında isə bu göstərici təxminən 4600 olub.
Almaniyanın bütün quru sərhədlərində yoxlamalar 2024-cü il sentyabrın 16-dan həyata keçirilir. Həmin vaxtdan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Müvəqqəti xarakter daşıyan bu nəzarətlər indiyədək iki dəfə uzadılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır.
Sərhəd yoxlamaları Almaniyada yeni hökumətin fəaliyyətə başlamasından sonra - 2025-ci ilin mayında daha da sərtləşdirilib. Həmin vaxtdan etibarən federal polisə, həssas qruplara aid şəxslər istisna olmaqla sığınacaq axtaranların da geri qaytarılması səlahiyyəti verilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin