BAKI, 2 yanvar. TELEQRAF
Böyük Britaniya kralı III Karl İsveçrənin Kran-Montana dağ-xizək kurortunda baş verən faciə ilə əlaqədar İsveçrə prezidenti Gi Parmelenə başsağlığı məktubu göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Bukingem Sarayının mətbuat xidməti açıqlama yayıb.
Bəyanatda bildirilir ki, kral və kraliça Kamilla baş verən hadisədən dərin sarsıntı keçiriblər.
“Keçən gecə İsveçrənin Kran-Montana şəhərində baş vermiş dağıdıcı yanğın barədə xəbər bizi dəhşətə gətirdi və dərindən kədərləndirdi. Bayram gecəsinin gənclər və onların ailələri üçün kabusa və faciəyə çevrilməsi ürəyimizi parçalayır”, – deyə III Karlın mesajında qeyd olunub.
O, fövqəladə xidmət əməkdaşlarının fədakarlığını xüsusi vurğulayaraq, faciədən zərər çəkən hər kəsə dərin hüzn və həmrəylik ifadə edib.
“Düşüncələrimiz və dualarımız həyatını itirənlərin yaxınları və hazırda xəstəxanada ağır vəziyyətdə olanlarla birlikdədir”, – deyə bəyanatda bildirilib.
Xatırladaq ki, yanğın 1 yanvar gecəsi Kran-Montana kurortunda yerləşən "Le Constellation" barında baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, 115-ə yaxın insan yaralanıb.