Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində mühüm mesajlar verdi.
- 2025-ci ildə həyata keçirilən siyasətin, əldə olunan nəticələrin hesabatı;
- 2026-cı ildə hədəflər və bu hədəflərə nail olmaq istiqamətində atılacaq addımlar;
Dövlət başçısının müraciətini bu kontekstdə qiymətləndirmək olar.
2025-ci il Azərbaycan üçün niyə xüsusi əhəmiyyət kəsb edirdi?
Prezident ötən il əldə olunan siyasi uğurlara diqqət çəkdi və qeyd etdi ki, “Bu il biz şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etmişik. Beş il bundan əvvəl Vətən müharibəsi zamanı əldə etdiyimiz tarixi Zəfərimiz bizimlə əbədi olacaq. Azərbaycan xalqı bu Qələbə ilə əbədi olaraq fəxr edəcəkdir. Biz otuzillik erməni işğalına son qoyduq, ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etdik”.
Vətən müharibəsinin 5-ci ildönümünün qeyd olunduğu 2025-ci il müharibə meydanında əldə olunan Zəfərin siyasi müstəvidə də tam qəbul edilməsi ilə nəticələndi. 8 avqust Vaşinqton razılaşmaları bunun yekunu hesab oluna bilər.
1. ATƏT-in Minsk qrupu de-yure olaraq ləğv olundu, beləliklə keçmiş Qarabağ münaqişəsi beynəlxalq gündəlikdən də tamamilə çıxarıldı.
2. Ermənistanla sülh sazişi layihəsi paraflandı və sülh mərhələsinə rəsmi olaraq keçid baş verdi.
3. Zəngəzur dəhlizinin reallaşması rəsmiləşdi, artıq layihənin praktiki müstəvidə icrası mərhələsi başlayıb.
Dövlət başçısı vurğuladı ki, Vətən müharibəsindəki Zəfərimiz beynəlxalq müstəvidə təsdiqlənib.
“Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün mandat almış Minsk qrupu isə tarixin arxivinə göndərildi. Beləliklə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir. Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır”, - Prezident bəyan etdi.
Geosiyasi reallıqda Azərbaycanın güclü ordu fenomeni
Prezidentin müraciətində ən mühüm məqamlardan biri məhz bu idi. Çünki mövcud geosiyasi şərtlər beynəlxalq təhlükəsizliyə yanaşmaları dəyişib. Daha əvvəl II Dünya müharibəsindən sonra qurulan geosiyasi sistemdə təhlükəsizlik prinsipləri əsasən beynəlxalq hüquqa söykənirdisə, artıq bu reallıqlar dəyişib. İndi dövlət başçısının da dediyi kimi, “Kim güclüdür, o da haqlıdır” prinsipi işləyir. Bu yeni reallıq güclü ordu fenomeni aktuallaşdırır, Azərbaycan da məhz bu şərtlərə uyğun addımlar atır. Vətən müharibəsində qələbə qazanan ordumuzun böyük islahatlar həyata keçirilir, xüsusi təyinatlı qüvvələrin ön plana çıxması bu kontekstdə diqqətçəkəndir.
Prezident qeyd etdi ki, bu il Zəfərimizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi: “Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz son 5 il ərzində həm yerli istehsal olan silah və texnikadan istifadə edərək, eyni zamanda, xaricdən aldığımız silah və texnikanı Ordumuzun potensialına əlavə edərək hərbi gücümüzü böyük dərəcədə gücləndirə bildik. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı, yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabitdən ibarətdir. Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq. Vətən müharibəsi dövründə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı, xalqımızın yumruq kimi birləşməsi bizim Qələbəmizi şərtləndirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”.
Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənir
2025-ci ildə ölkəmizin beynəlxalq siyasətdə oynadığı rolun xüsusilə gücləndiyi müşahidə olundu.
- Azərbaycanın ABŞ-la münasibətlərində yeni dövr başlandı;
- Avropa İttifaqı ilə əməkdaşlıqların dərinləşdirilməsi ön plana çıxdı;
- Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı istiqamətində qərarlar qəbul olundu;
- Türk Dövlətləri Təşkilatı daxilində münasibətlərin daha da dərinləşdirilməsi baş verdi və s.
Bu məsələlərə toxunan dövlət başçısı bəyan etdi ki, 2025-ci ildə beynəlxalq mövqelərimizi böyük dərəcədə möhkəmləndirə bildik: “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar. Təsadüfi deyil ki, dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Bizim xarici siyasətimiz çoxşaxəlidir, bu siyasət bir çox istiqamətlər üzrə uğurla aparılır. Biz bu il D-8 beynəlxalq təşkilatına üzv olduq. Onu da bildirməliyəm ki, 8 böyük müsəlman ölkəsini birləşdirən və 30 ilə yaxın fəaliyyət göstərən bu təşkilatın ilk yeni üzvü məhz Azərbaycan olmuşdur. Yəni bu ölkələr tərəfindən bizə göstərilən hörmət və etimad göz qabağındadır. Biz bu il Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçildik. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki coğrafi nöqteyi-nəzərdən biz Cənubi Qafqazda yerləşirik. Ancaq Orta Asiya ölkələrinin Məşvərət Şurasına yekdilliklə tamhüquqlu üzv seçilməyimiz bizim həm bu ölkələrlə səmimi münasibətlərimizdən xəbər verir, həm də ki, Azərbaycanın bu gün nə qədər önəmli ölkə olduğunu əyani şəkildə göstərir”.
Bir sıra mühüm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də ölkəmizin nüfuzunun əyani göstəricisi idi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndində keçirilən 17-ci Zirvə görüşü, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşü belə nümunələrdəndir.
İqtisadi inkişafın Azərbaycan nümunəsi
Hər bir ölkənin güclü iqtisadiyyatı onun müstəqil siyasətinin əsas təməl daşlarından birini təşkil edir. Azərbaycanın iqtisadi imkanları bu kontekstdə diqqət çəkir. Dövlət başçısı müraciətində bu məsələyə xüsusilə toxundu. Bildirdi ki, valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır: “Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar”.
Prezident post-münaqişə dövründə əsas prioritet olan azad olunmuş ərazilərə qayıdış haqqında da danışdı. Bəyan etdi ki, “Böyük Qayıdış” Proqramı uğurla icra edilir.
“İşğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Keçmiş köçkünlər 32 kənd, qəsəbə və şəhərdə yerləşiblər və onlar üçün ən gözəl şərait yaradılmışdır”, - dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyevin müraciətində üç mühüm mesajı xüsusilə vurğulamaq olar.
Birincisi, “Biz yeni müharibəyə hazırlaşmırıq” qeydidir.
Bakı-İrəvan xəttində sülh gündəliyinə qarşı olan qüvvələr – Ermənistandakı revanşistlər, erməni diasporu/lobbisi, regional maraqlarını təmin etmək üçün münaqişədən yararlanmış və hələ də yararlana biləcəyini hesab edən ölkələr mütəmadi olaraq, “Azərbaycan yeni müharibəyə hazırlaşır”, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarını/ittihamlarını tirajlayır. Prezidentin mesajı bu qüvvələrə ünvanlanmışdı. Dövlət başçısı regionun yeni gündəliyinin sülhdən ibarət olduğunu bəyan etdi.
İkincisi, heç bir qüvvə Azərbaycanla diktə dilində danışa bilməz.
Prezidentin bu mesajının ünvanı çoxsaylıdır. Çünki həm regionda, həm regiondan kənarda bəzi ölkələr hələ də Azərbaycana diktə edə biləcəyini düşünür, buna cəhd edirlər. Ötən il də daxil olmaqla müxtəlif vaxtlarda baş vermiş belə cəhdlər rəsmi Bakı tərəfindən qətiyyətlə alınıb, adekvat reaksiyalar verilib. Dövlət başçısı bir daha belə cəhdlərə qarşı xəbərdarlıq mesajı verdi.
“Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur. Bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz”, - dövlət başçısı vurğuladı.
Üçüncüsü, dünya azərbaycanlılarının arxasında güclü Azərbaycan dövləti dayanır.
Bu, çox vacib mesajdır. Prezidentin bununla bağlı dedikləri özündə çox şey ehtiva edir.
“Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu münasibətlə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir”, - dövlət başçısı bildirib.
Ötən il Rusiyada soydaşlarımıza qarşı törədilən cinayətlərə Azərbaycanın verdiyi sərt reaksiya, o cümlədən, digər ölkələrdə yaşayan azərbaycanlılara göstərilən dəstək bunun real nümunəsidir. Prezident bir daha təsdiq etdi ki, güclü Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların arxasında dayanıb. Bu, həm soydaşlarımızın yaşadıqları ölkələrdə icmalaşmasına, həm də diasporumuzun daha effektiv fəaliyyətinə töhfə verən mesajdır. Eyni zamanda, Azərbaycanın qlobal müstəvidə gücünün nümayişi hesab oluna bilər. Bunu Vətən müharibəsində və diplomatik döyüşdə Azərbaycanı qalib edən, bütün dünyadakı azərbaycanlıların dayağı olan Prezident İlham Əliyev deyir.
Asif Nərimanlı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta