Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun alimləri bu il Günəş aktivliyinin azalacağını proqnozlaşdırsalar da, geomaqnit fırtınalarının sayında azalma gözləmirlər.
Publika.az xəbər verir ki, bu barədə institutun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Yuri Yasyukeviç “Rossiyskaya qazeta”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, orta hesabla 11 il davam edən 25-ci Günəş aktivliyi dövrü artıq 2024-cü ildə pik həddə çatıb və hazırda enmə mərhələsinə keçib. Bu mərhələdə Günəşdə aktiv bölgələrin sayı azalır və onun maqnit sahəsinin strukturu sadələşir. Lakin bu proses Yer kürəsində geomaqnit aktivliyin azalacağı anlamına gəlmir.
Yasyukeviç qeyd edib ki, oxşar vəziyyət 23-cü Günəş dövrü zamanı da müşahidə olunub. Modellərə əsasən, geomaqnit aktivlik səviyyəsi təxminən 2025-ci il səviyyəsində qala bilər.
